Vaxt.Az

“Hərbi sirlər oğurlana bilər”


 

“Telegram” rəhbərinin tutulması Rusiyanı təşvişə salıb

“Hərbi sirlər oğurlana bilər” “Telegram”ın yaradıcısı Pavel Durov Fransada saxlanıldıqdan sonra “Rusiya ordusunun sirlərinin üzə çıxacağından narahatdır”. “Wall Street Journal” (WSJ) qəzeti yazır ki, Rusiya ordusu Ukrayna cəbhəsində əsgər, artilleriya və casusları idarə etmək və koordinasiya etmək üçün “Telegram”dan istifadə edib.

“Telegram”ın əsas ofisinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olduğu xatırladılır və Rusiya ordusunun BƏƏ ilə Rusiya arasında sıx əlaqələrə görə bu tətbiqə üstünlük verdiyi də bildirilir.

39 yaşlı sahibkarın Rusiya, Fransa, BƏƏ və Karib hövzəsindəki Sent-Kits və Nevis adalarındakı ofisləri var. Pavel Durovun Sent Kitts və Nevis vətəndaşlığı da var.

Rusiya Parlamentinə məsləhət xidmətləri göstərən Aleksey Roqozin “Telegram”ın Rusiya ordusu üçün əhəmiyyəti haqqında, “Nə qədər qəribə səslənsə də, kəşfiyyat məlumatlarının paylaşılması, artilleriya hədəfinin müəyyən edilməsi, dron yayımları və bir çox başqa əməliyyatlar tez-tez “Telegram” vasitəsilə edilir”, – deyib.

“Telegram”ın şifrəli mesajlaşma sisteminin ukraynalıların rabitəni izləməsinə mane olduğu vurğulansa da, Rusiya ordusunun ələ keçirdiyi Ukrayna ərazisində “Starlink” peykləri vasitəsilə də proqramdan istifadə etdiyi bildirilir. Texnoloji milyarder İlon Maskın “SpaceX” şirkətinə məxsus peyklər 2022-ci ildə Ukraynaya göndərilib.

ABŞ-da yerləşən “Silverado Policy Accelerator” beyin mərkəzindən Dmitri Alperovic aşağıdakı dəyərləndirmələri bölüşür: ““Telegram” Rusiya ordusundan rəsmi icazə almış rabitə sistemi deyil. Ancaq şəxsi söhbət və mesajlaşma sistemləri hələ də əsgərlər və bəzi hərbi hissələr tərəfindən döyüş meydanında koordinasiya və taktiki məqsədlər üçün istifadə olunur”.

Şəxsiyyətinin açıqlanmamasını istəyən Qərb kəşfiyyat rəsmisi Rusiyanın Avropada planlaşdırdığı təxribat cəhdləri zamanı “Telegram” vasitəsilə də əlaqə saxladığını iddia edib və Rusiya hökumətinin Durovun saxlanmasına sərt reaksiyasının “böyük narahatlığını əks etdirdiyini” iddia etdi.

Digər bir Qərb rəsmisi də təklif edir ki, Durov əməkdaşlıq edərsə, Rusiyanın təhlükəsizlik qurumlarına böyük ziyan vura bilər.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (QRU) direktoru Sergey Narışkin TASS dövlət agentliyinə verdiyi açıqlamada Durovun Rusiyaya zərər verəcək addım atmayacağını düşündüyünü bildirib.

***

“Telegram” mesajlaşma proqramının yaradıcısı rusiyalı sahibkar Durov avqustun 25-də Azərbaycandan şəxsi təyyarəsi ilə getdiyi Fransanın Burje hava limanında saxlanılıb.

Bildirilib ki, Rusiyanın məşhur sosial media saytı VK-nın da təsisçisi olan Durov “Telegram”da maliyyə və kiber cinayətlər törətdiyinə görə saxlanılıb.

Rusiya Durovun saxlanmasına reaksiya verərək, bunun siyasi məqsədlər üçün edildiyini iddia etsə də, Fransa prezidenti Emmanuel Makron bu iddiaları rədd edib.

Ona qarşı 6 fərqli ittiham irəli sürülən Durov 5 milyon avroluq girov ödənildikdən sonra dünən məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

WSJ xatırladır ki, Kreml 2018-ci ildə “Telegram”a qadağa qoyub və Durov 2020-ci ildə Rusiyaya getdikdən sonra platforma yenidən açılıb. Xəbərdə Durovla Kreml arasında platformaya qoyulan qadağanın aradan qaldırılması üçün hansı razılaşmanın edildiyinin bilinmədiyi vurğulanır.

 





30.08.2024    çap et  çap et