Bu araşdırmalarda digər planetlərdən gələn süni siqnallar axtarılır. Texnoimza adlanan siqnallar mövcud və ya keçmiş inkişaf etmiş sivilizasiyaların əlamətləri hesab olunur.
SETI İnstitutu və Avstraliyadakı Curtin Universitetinin tədqiqatçıları bu siqnalları əvvəlki cəhdlərdən daha aşağı radiotezliklərdə və çox uzaq qalaktikalarda axtarıblar.
Komanda 100 MHz tezliklərə diqqət yetirib, çünki Yerdəki bir çox ötürücü aşağı tezlikli radio siqnalı yayır.
Bu məqsədlə qrup Qərbi Avstraliyadakı “Murchison Large Field Array” teleskopundan istifadə edib və eyni vaxtda 2880 qalaktikanı müşahidə edə bilib.
Lakin onlardan yalnız 1317-nin məsafəsi əvvəllər dəqiq hesablandığı üçün işlərini onların üzərində cəmləyiblər. Qalaktikaların məsafəsini bilmək siqnalları göndərən ötürücülərin gücünə dair ideya verir.
Hələ heç bir texnoimza aşkarlanmayıb. Bununla belə, komanda aşağı tezlikli axtarış tədqiqatlarını davam etdirməyi planlaşdırır və bildirir ki, bu tədqiqatlar inkişaf etmiş canlıları qəbul etmək potensialına malik qalaktikaları məhdudlaşdırmağa xidmət edir.
Avqustun 26-da resenziyalı “The Astrophysical Journal” jurnalında dərc edilən araşdırmada müəyyən növ texnoimzalar axtarılıb. Texnoimzalar radio siqnalları, lazer siqnalları və ya hətta atmosferin süni çirklənməsi ola bilər.
Ancaq bu siqnallar olduqca uzaqdan gələcəyi üçün Yerdən aşkarlanmaq üçün çox güclü olmalıdırlar.
Sovet astrofiziki Nikolay Qardaşov siqnalın intensivliyinə baxaraq qabaqcıl sivilizasiyanın nə qədər enerji sərf etdiyini anlamaq üçün meyar yaradıb.
1964-cü ildə hazırlanmış Qardaşov şkalası üzrə, çox uzaq qalaktikadan gələn siqnalı aşkar etmək üçün planet bir və ya bir neçə ulduzun enerjisindən istifadə etməlidir. Bu, Yerdəkilərdən qat-qat inkişaf etmiş sivilizasiyalar deməkdir.
Yeni araşdırmada belə güclü siqnallar axtaran komandanın uğur qazana bilməməsi bu səviyyədə olan sivilizasiyaların sayının çox az olduğunu göstərə bilər.
Onları aşkar edə biləcək texnologiyaların hələ dünyada hazırlanmadığını da söyləmək olar.
Lakin yeni tədqiqat ağıllı həyat axtarışında mühüm bir addımdır. Alimlər bildirirlər ki, gözlənilməz şeylərə aşağı radiotezliklərdə rast gəlmək olar.
Məqalənin müəlliflərindən biri olan Çenoa Tremblay işin çox vaxt apardığını desə də, əlavə edir: “Axtarmasaq, heç nə tapmayacağıq. Bu, xarici qalaktikalarla bağlı ilk araşdırmamız idi. Biz bu prosesdə öyrəndiklərimiz əsasında bu işi gələcəkdə də davam etdirmək istəyirik”.
Kainatda 2 trilyon qalaktikanın olduğu ilə bağlı hesablamaları nəzərə alsaq, Yerin ağıllı həyatın mövcud olduğu yeganə planet olması ehtimalı çox aşağı görünür.