Vaxt.Az

Qaydalar dəyişir


 

«Sürücülər bu qərarla razılaşmağa məcburdurlar»

Qaydalar dəyişir «İritonnajlı nəqliyyat vasitələrinin yük normaları ilə bağlı qaydaları dəyişdirilir». Bunu AzNews.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin məzuniyyətə göndərilən rəisi Namiq Həsənov bildirib.

 

N. Həsənov deyib ki, Nazirlər Kabinetində iritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qərarın qəbulu yaxın günlərdə gözlənilir: «İritonnajlı yük maşınlarının və eləcə də konstruksiyalarına dəyişikliklər edilmiş avtomobillərin normadan artıq yüklənməsi yolları yararsız hala salır. Bunun qarşısının alınması məqsədi ilə martın 14-dən hökumət müvəqqəti yeni hədlər müəyyən edib. Müvəqqəti qərara əsasən, ikioxlu avtonəqliyyat vasitəsi ilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsi ilə 30 tonadək, dördoxlu avtonəqliyyat vasitəsi ilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsi ilə isə 44 tonadək yük daşınmasına icazə verilib. Bu qərardan sonra yollarda vəziyyət normallaşmağa doğru getməkdədir. Əvvəllər narazılıq etmələrinə baxmayaraq, artıq sürücülər bu qərarla razılaşmağa məcburdurlar. Bəzi sürücülər bu məsələdən xəbərdardır. Bu müvəqqəti qərardan xəbəri olmayan bəzi sürücülər arasında da maarifləndirmə işləri aparılır. Ancaq hesab edirik ki, bu məsələyə yenidən baxılmalıdır». 

N. Həsənov vurğulayıb ki, bəzən tamah məqsədi ilə sürücülər bu qərara riayət etməkdən yayınırlar: «Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu cür qeyri-qanuni halların qarşısının alınmasına çalışır. Qaydaları pozan bütün sürücülər müvafiq qaydada cərimələnəcək. Bu müvəqqəti qərar daimi olmayana qədər bunun tətbiqi ilə bağlı çətinliklər yaranacaq. Hazırda da bu çətinliklər müşahidə olunmaqdadır». 

Nazirlik sözçüsü iritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qaydaların nədən ibarət olacağının təfərrüatı haqda tam bilgili olmadığını dilə gətirib: «Nəqliyyat Nazirliyi də bununla bağlı öz təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Hesab edirik ki, yeni qaydaların tətbiqindən sonra problem köklü surətdə həll olunacaq».

 





06.04.2014    çap et  çap et