Pezeşkian ədalət və ayrı-seçkilik mövzusunu vurğulayaraq, “İnsanların problemlərini həll etmək istəyirik. Diqqətimiz insanların məmnunluğudur. ABŞ və Avropanın ağır sanksiyalarına məruz qalırıq, lakin insanlara qarşı mehriban davranmalıyıq. Ədaləti olmalı, ayrı-seçkiliyi və məhrumiyyətləri aradan qaldırmağa çalışmalıyıq”, – deyib.
İqtisadi problemlərə diqqət çəkən Pezeşkian xalqın mövcud vəziyyəti və yüksək inflyasiyanı hiss etdiyini, problemin həlli üçün işə başladıqlarını bildirib.
Pezeşkian, “Ölkə daxilindəki fikir ayrılıqlarını, qonşularımızla və dünya ilə olan problemləri həll etməliyik. İqtisadiyyat artıq xarici mövzularla bağlıdır”, – deyib.
İran lideri Ayətullah Əli Xameneyi tərəfindən vurğulanan iqtisadiyyatda 8 faizlik artım üçün xarici sərmayəyə ehtiyacları olduğunu izah edən Pezeşkian deyib: “Mütəxəssislər düşünür ki, 8 faizlik artım üçün 200 milyard dollar sərmayə lazımdır. Bu, ölkə daxilində kapital və məhsuldarlığı artırmaqla mümkündür, lakin ölkədəki ümumi kapitalımız 100 milyard dolları keçmir. Ona görə də 100 milyard dollar xarici sərmayə ehtiyacımız var. Bu, bizim xarici əlaqələrimizlə və dünya ilə bağlıdır”.
Digər tərəfdən, İran Prezidenti Pezeşkian sosial media hesabından paylaşdığı mesajda ölkədəki internet qadağalarına diqqət çəkərək, “İctimaiyyətin rahatlığı üçün Ali Milli Məclisdə kiber məkanla bağlı qaydaları Təhlükəsizlik Şurası və Ali Kiber Məkan Şurası ilə birlikdə müəyyən edəcəyik”, – deyib.