Ölkənin aparıcı elmi institutlarından birinə rəhbərlik edən 57 yaşlı Şiplyuk 2022-ci ilin avqustunda həbs edilib. Şiplyukun iki həmkarı Anatoli Maslov və Valeri Zvegintsev də vətənə xəyanətdə ittiham edilərək saxlanılsa da, may ayında 78 yaşlı Maslov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Şiplyukun vəkili alimin qərardan apellyasiya şikayəti verib-verməyəcəyi ilə bağlı suallara hələ cavab verməyib. Şiplyukun məhkəməsi, Rusiyadakı digər xəyanət işləri kimi, qapalı iclasda keçirilib.
Keçən il məsələ ilə bağlı “Reuters”ə məlumat verən iki mənbə, Novosibirsk şəhərindəki Xristianoviç Texniki və Tətbiqi Mexanika İnstitutunun (ITAM) direktoru Şiplyukun 2017-ci ildə iştirak etdiyi konfransda Çin səlahiyyətliləri ilə məxfi məlumatları bölüşməkdə ittiham edildiyini söyləyib.
Rusiya dövlət mediasının məlumatına görə, həbsdə olan digər alimlər də məxfi məlumatları Çinə ötürməkdə ittiham olunurlar.
Rusiya səsdən 10 dəfə tez uçan və hava hücumundan müdafiə sistemlərinin tutması çətin olan hipersəs raketlərində dünya lideri olduğunu iddia edir.