Vaxt.Az

Tehrandan Londona etiraz


 

Üç iranlının sanksiya siyahısına düşməsi rejimi hiddətləndirib

Tehrandan Londona etiraz İran Böyük Britaniyanın son sanksiyalarına cavab olaraq bu ölkənin Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Böyük Britaniyanın “Tehranın regionda sabitliyi pozan fəaliyyətləri” səbəbilə sanksiya siyahısına 3 iranlı şəxsi və 1 hərbi birliyi əlavə etməsindən sonra İran bu ölkənin paytaxtdakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Britaniyalı diplomata məlumat verilib ki, sözügedən sanksiya qərarı Böyük Britaniyanın yeni hökumətinin İranla əməkdaşlıq və qarşılıqlı fəaliyyət niyyətinə ziddir.

Bölgədəki etibarsızlığın mənbəyinin İsrail olduğu, İngiltərə başda olmaqla bəzi ölkələrin İsrailə dəstək verməsinin bölgədə qeyri-sabitlik və etibarsızlığın əsas səbəbi olduğunu bildirilib.

Böyük Britaniyanın müvəqqəti işlər vəkili Tehranın mövqeyini ölkəsinə çatdıracağını bəyan edib.

Dünən Britaniya Xarici İşlər Nazirliyi Tehranın Böyük Britaniya, İsrail, İraq, Yəmən və Livanda sabitliyi pozan “düşmənçilik” fəaliyyəti ilə məşğul olduğunu iddia edərək, üç iranlı şəxsi və İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds Qüvvələrinə bağlı “Unit 700” bölməsini sanksiyalar siyahısına daxil etdiyini elan etmişdi.

 





03.09.2024    çap et  çap et