Azərbaycan Milli Dirəniş Təşkilatının
sədri Davud Turan Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında milli
fəalların mədəni hüquqlar uğrunda mübarizəsi, Urmiya gölündə ekoloji vəziyyət
və prezident Həsən Ruhani hökumətinin etnik azlıqlara təzyiqlərindən danışıb.
Davud Turan prezident Ruhaninin seçki
kampaniyası zamanı verdiyi vədlərə baxmayaraq, hakimiyyətdə olduğu bir il
müddətində bu vədlərə əməl olunmadığını bildirib. O, İranda insan hüquqlarının,
xüsusilə də etnik azlıqların haqlarının pozulması kimi ciddi problemlərin
qaldığını deyib.
Davud Turan Urmiya gölünün quruması
probleminə xüsusi diqqət çəkərək, Həsən Ruhani hökumətinin ekoloji vəziyyətlə
əlaqədar fəaliyyət göstərmədiyini bildirib.
«Həsən Ruhani Azərbaycan bölgəsinə
gəldiyi zamanı etnik qrupların öz ana dilində təhsil ala bilməsinə təmin
edəcəyini və hətta Azərbaycan dilində bir qurum təşkil ediləcəyini, əsas
problemlərdən biri olan Urmiya gölünün qurumasının qarşısını alacağını demişdi.
Lakin bu günə qədər bir addım atıldığını görmürük» - deyə Davud Turan bildirib.
O, azərbaycanlı milli-mədəni və siyasi
fəallara qarşı basqıların davam etdiyini, Beynəlxalq Ana Dili Günü milli
fəalların həbs edilib, hələ də Təbriz və Əhər şəhərlərində saxlandığını, eyni
zamanda, İran azərbaycanlılarının ana dilində kitab və qəzet nəşr etməsinə
məhdudiyyətlərin qoyulduğunu vurğulayıb.
Azərbaycan Milli Dirəniş Təşkilatının
sədri Azərbaycan fəallarının durumundan danışaraq, onlara uzunmüddətli həbs
cəzalarının verildiyini qeyd edib. Davud Turan prezident Həsən Ruhaninin
hakimiyyəti dönəmində azərbaycanlılarla yanaşı, İranda yaşayan digər etnik
qrupların üzvlərinin də təqiblər, həbslər və təzyiqlərlə qarşılaşdığını deyib.