Qarland iddia edib ki, Rusiyanın “Russia Today” (RT) dövlət kanalı Moskva administrasiyası tərəfindən “Amerikada prezident seçkiləri öncəsi ictimai rəyi yönləndirmək” və bununla da seçkilərə təsir etmək üçün gizli şəkildə istifadə edilib.
Merrik Qarland təkcə RT-nin deyil, Moskvanın yönləndirdiyi bir çox sosial media platforması və istifadəçilərinin də Amerika ictimaiyyətinə təsir göstərməyə, seçkilərə müdaxilə etməyə çalışdığını iddia edərək, bu şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edəcəklərini bəyan edib.
Qarland, RT-nin iki əməkdaşı Konstantin Kalaşnikov və Elena Afanasyevanın sosial media platformaları vasitəsilə ABŞ-da siyasi təsir yaratmaq üçün 10 milyon dollar xərclədiyini təsbit etdiklərini və bu iki adı sanksiya siyahısına saldıqlarını açıqlayıb.
ABŞ-lı nazir İran və Çin, eləcə də Rusiya kimi dövlətlərin ABŞ-ın siyasi sisteminə və prezidentlik yarışına birbaşa olmasa da dolayısı ilə təsir göstərməyə çalışdıqlarını, bu addımları yaxından izlədiklərini və lazımi ehtiyat tədbirlərini gördüklərini vurğulayıb.
ABŞ Ədliyyə Nazirliyi, həmçinin Rusiyaya bağlı iki media-kommunikasiya şirkəti, Sosial Dizayn Agentliyi (SDA) və “Structura National Technology” ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyə çalışdıqlarını və bu kontekstdə sanksiyalara məruz qalacaqlarını açıqlayıb.
ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Rusiya RT və digər media qurumları vasitəsilə 2016-cı il prezident seçkilərinə müdaxilə etməyə cəhd edib. Moskva isə seçkilərə müdaxilə iddialarını rədd edib.