Vaxt.Az

Aclıqla üzləşənlərin sayı 3 dəfəyə yaxın artıb


 

Ərzaq Böhranına Qarşı Qlobal Şəbəkənin qandonduran hesabatı

Aclıqla üzləşənlərin sayı 3 dəfəyə yaxın artıb Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (The Food and Agriculture Organization – FAO) və Dünya Ərzaq Proqramı (The World Food Programme – WFP) tərəfindən yaradılmış Ərzaq Böhranına Qarşı Qlobal Şəbəkə (Global Network Against Food Crises – GNAFC) tərəfindən hazırlanan Qlobal Ərzaq Böhranı Hesabatının ilin ortasındakı yeniləməsinə əsasən, fəlakət və qıtlıqla qarşı-qarşıya qalanların sayı 2023-cü ildə 705 min ikən, 2024-cü ildə üç dəfəyə yaxın artaraq 1,9 milyona çatıb.

BMT-nin Romada yerləşən təşkilatları FAO və WFP, Avropa İttifaqı və müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən yaradılan Qida Böhranına Qarşı Qlobal Şəbəkə öz hesabatının ilin ortasındakı yeniləməsini açıqlayıb.

Yenilənmiş hesabatda müəyyən edilib ki, münaqişələr, ekstremal iqlim hadisələri və iqtisadi şoklar aclığı artırmağa davam edir və buna görə də kəskin ərzaq çatışmazlığı yüksək olaraq qalır.

Hesabatda Qida Təhlükəsizliyi Fazasının İnteqrasiya Təsnifatının (Integrated Food Security Phase Classification – IPC) 5-ci mərhələsi, yəni “fəlakət-aclıq” səviyyəsi ilə üzləşən və ya üzləşməsi gözlənilən insanların sayı 2023-cü ildə 5 ölkə və ya regionda 705 min nəfərdən 2024-cü ildə 4 ölkə və ya bölgədə 1,9 milyona qədər iki dəfədən çox artıb. Bildirilib ki, bu rəqəm hesabatda qeydə alınan ən yüksək rəqəm olub və Sudan və Yaxın Şərqdəki münaqişələr səbəbindən artıb.

***

Yenilənmiş hesabatda Sudandakı Zəmzəm düşərgəsində “fəlakət-qıtlıq” səviyyəsinin davam etdiyi və bu vəziyyətin 2024-cü ilin oktyabr ayına qədər sürəcəyinin proqnozlaşdırıldığı bildirilib.

Hesabatda ölkənin bir çox digər bölgələrinin də qıtlıq təhlükəsi ilə üzləşdiyi, lakin əlçatmaz yerlərdə kifayət qədər məlumat təhlilinin aparılmadığı bildirilib: “Sudanda 25,6 milyon insanın İyun-sentyabr dövründə kəskin ərzaq çatışmazlığı ilə üzləşdiyi təxmin edilir. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26 faiz artım deməkdir. Münaqişənin regional ərzaq və qida təhlükəsizliyinə də ciddi təsiri edib. Böhran 2 milyondan çox insanın qonşu ölkələrə, xüsusən də Çad və Cənubi Sudan kimi ərzaq çatışmazlığı yaşayan ölkələrə qaçmasına səbəb olub”.

Hesabatda, Yaxın Şərqdə Qlobal Ərzaq Böhranları Hesabatı tarixində “ən ağır qida böhranından əziyyət çəkən yer” olaraq qaldığı qeyd edilib: “2024-cü ilin mart və aprel ayları arasında bütün əhali (2,2 milyon) hələ də təcili ərzaq və dolanışıq yardımına ehtiyacı var”.

Hesabatda həmçinin 2024-cü ilin avqust tarixinə IPC-nin 4-cü mərhələsində, yəni “fövqəladə vəziyyət” səviyyəsində 1 milyondan çox əhalisi olan 8 ölkə sadalanıb. Bu ölkələr Sudan (8,5 milyon nəfər), Əfqanıstan (3,6 milyon nəfər), Konqo Demokratik Respublikası (2,9 milyon nəfər), Myanma (2,7 milyon nəfər), Cənubi Sudan (2,3 milyon nəfər), Pakistan (2,2 milyon nəfər), Haiti (1,6 milyon nəfər) və Nigeriya (1 milyon nəfər).

 





05.09.2024    çap et  çap et