Belçika mətbuatında çıxan xəbərə görə, “Audi” şirkətinin Brüsseldəki fabrikinin rəhbərliyi ilə müəssisədəki işçiləri təmsil edən həmkarlar ittifaqı üzvləri səhər saatlarında bir araya gəlib.
Görüşdə “Audi” şirkətinin də sahibi olduğu “Volkswagen Group”un Brüsseldəki fabrikinə istehsal üçün heç bir model ayırmamasından sonra yaranan problemlər və görüləcək işlər müzakirə edilib.
Rəhbərliklə həmkarlar ittifaqı nümayəndələri arasında aparılan danışıqlar nəticəsində razılıq əldə olunmadığından fabrik işçiləri iş yerlərinə gəlsələr də işə başlamayıblar.
“Audi” Brüssel şirkətinin işçiləri 300 tamamlanmış avtomobilin açarlarını da müsadirə ediblər.
Alman avtomobil istehsalçısı “Volkswagen Group”a məxsus “Audi” markası, iyul ayında lüks seqmentli elektrikli avtomobil modeli “Q8”in istehsal edildiyi və təxminən 3 min insanın işlədiyi Brüsseldəki fabrikini tələbin azalması səbəbindən yenidən strukturlaşdıracağını açıqlayıb. Şirkət bu modellərin istehsalının Meksikada davam etdiriləcəyini bildirib.
“Audi” rəhbərliyi bu həftə “Volkswagen Group” tərəfindən Brüsseldəki fabrikə istehsal üçün heç bir modelin ayrılmadığını açıqlamışdı.
Bu vəziyyət fabrik işçilərini və həmkarlar ittifaqlarını narahat edirdi.
Digər tərəfdən “Audi” Brüssel işçiləri yaşadıqları problemlərə diqqət çəkmək üçün sentyabrın 16-da Brüsseldə etiraz aksiyası təşkil edəcək.