İbtidai sinif müəllimi Şeyka əl Şammari izah edir ki, iyun ayında elektriklər qəfil kəsiləndə qaranlıqda dərs deməli olub. Evə qayıdanda övladlarının kondisioner söndürüldüyü üçün istidən çətinlik çəkdiyini görüb: “Hətta evdən çıxmaq çox çətin idi”.
34 yaşlı orta məktəb müəllimi Sarah Haşim İbrahim şagirdlərinin istidə diqqətini cəmləməkdə çətinlik çəkdiyini bildirib: “Elektrik kəsiləndə və çox isti olduqda, bütün həyat dayanır. Ən sadə gündəlik işləri belə edə bilməzsiniz”.
40 yaşlı vəkil Mişari əl Olyan da administrasiyanın elektrik enerjisinin kəsilməsindən şikayətlənir. Nəfəs almaq üçün oksigen çəninə ehtiyacı olan atasının problem yaşamaması üçün ikinci akkumulyatorla işləyən cihaz almalı olub: “Küveyt kimi bir ölkədə nə vaxtdan elektrik enerjisi kəsilir?”
Yayda elektrik kəsilməsi Küveyt üçün yeni vəziyyət deyil. Bu üsul 2006-cı ildən mütəmadi olaraq istifadə olunur. Lakin bu il ixtisarlar daha da artırılıb.
Ən mühüm neft ixracatçılarından biri olan Küveytin 980 milyard dollarlıq milli sərvət fondu var. Buna baxmayaraq son 10 ildə elektrik enerjisinə cavabdeh 14 nazir dəyişikliyi hökumətin zəifliyi ilə bağlı iddiaları gücləndirir.
Avqustun sonunda havanın temperaturunun 50 dərəcəyə çatması və yüksək rütubətlə ölkə tarixində ən yüksək elektrik tələbatı müşahidə olunub.
Qlobal istiləşmə region ölkələri üçün də başqa problemlər yaradır. Aprel ayında BƏƏ-nin Dubay şəhərində yağan yağışlar daşqınlara səbəb olub. Fəlakət hətta beynəlxalq hava limanını da vurub. İyun ayında istilər Səudiyyə Ərəbistanına həcc ziyarətinə gedən azı 1300 nəfərin həyatına son qoyub.
Küveytin elektrik enerjisi istehsalında neftdən təbii qaza keçid kimi ekoloji cəhətdən təmiz addımı da üzləşdiyi problemlərdə rol oynayır.
Lakin onlar təbii qazla o qədər də zəngin olmadığı üçün xaricdən idxal etmək məcburiyyətindədirlər.
İki həftə əvvəl “QatarEnergy” Küveyt Neft Korporasiyası ilə 15 illik mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü müqaviləsi imzaladığını açıqlamışdı.
Müqaviləyə əsasən, Qətər 2025-ci ilin yanvar ayından etibarən Küveytə hər il təxminən 3 milyon ton LNG ixrac edəcək.
Dünyanın ən böyük LNG ixracatçıları arasında yer alan Qətərin hazırkı təbii qazın mayeləşdirmə qabiliyyəti ildə 77 milyon tondur.
Qətər hökuməti 2030-cu ilə qədər bu gücü 142 milyon tona çatdırmağı hədəfləyir.
Keçən il qlobal LNG tədarükü 395 milyon ton olaraq qeyd edilərkən, Qətər 2023-cü ildə 78,5 milyon tonla Avstraliya və ABŞ-dan sonra ən çox LNG ixrac edən üçüncü ölkə olub.