Vaxt.Az

“Paytaxtı köçürməliyik”


 

İran prezidenti Pezeşkian: “Başqa seçimimiz yoxdur”

“Paytaxtı köçürməliyik” Böyük zəlzələ riskinin gündəmdə olduğu Tehranın izdihamlı əhalisi və infrastruktur problemləri İranda yenidən mübahisə yaradıb. İranın türk əsilli prezidenti Pezeşkian “paytaxtın köçürülməsindən başqa çarəmiz yoxdur”, – deyib.

İranın yeni prezidenti Məsud Pezeşkian deyib ki, Tehranın həddən artıq çox problemi var və paytaxtın başqa yerə köçürülməsi lazımdır.

İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra keçirilən seçkidə prezident seçilən türk əsilli Pezeşkiyan, məsələ ilə bağlı həftə sonu etdiyi çıxışında uzun müddətdir gündəmdə olan paytaxtın köçürülməsi təklifinə toxunub.

Tehranı davamlı inkişaf etdirmək planlarının mənasız olduğunu və şəhərin su qıtlığı, hava çirkliliyi və zəlzələ riski kimi problemlərlə mübarizə apardığını bildirən Pezeşkian, “Bu problemlərə həll tapa bilmirik. Ən yaxşısı siyasi və iqtisadi mərkəzi ölkənin cənubuna köçürməkdir”, – deyib.

“İnsanlara Tehrandan köçün deyə bilmərik, ona görə də hökumət özü getməlidir və onda insanlar da onun ardınca gedəcək”, – deyən İran lideri, paytaxtın dənizə yaxın əraziyə köçürülməsinin yaxşı bir fikir olduğunu bildirib: “Başqa seçimimiz yoxdur”.

Pezeşkiyanın açıqlaması İranda mübahisə yaradıb. 1990-cı illərdə Tehranın meri olmuş Qulamhüseyn Kərbasçi ölkədə Tehranı əvəz edə biləcək potensial kapitalın olmadığını və əvvəllər paytaxtı köçürən ölkələrin həmişə pul itirdiyini iddia edirdi.

Tehranın ətraf rayonlarla birlikdə 17 milyondan çox əhalisi var. Qahirədən sonra Yaxın Şərqin ən sıx məskunlaşdığı şəhər olan Tehran 1786-cı ildən İranın paytaxtıdır.

Mütəxəssislər şəhərin güclü zəlzələ təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edirlər.

 





09.09.2024    çap et  çap et