75 yaşlı Kral III Çarlz ümid edir ki, qohumlarının “Endrü problemi” adlandırdığı qalmaqallar qardaşını Vindzordakı Kral Lojasından daha uyğun yerə köçürməklə həll oluna bilər.
64 yaşlı şahzadə Endrü, təxminən beş il əvvəl rəsmi vəzifələrindən getməsinə baxmayaraq, hələ də geniş malikanədə yaşayır.
Onun polis mühafizəsi Daxili İşlər Nazirliyinin araşdırmasından sonra götürülüb və o, hazırda ildə təxminən 3 milyon funt sterlinqə başa gələn və Kralın şəxsi sərvətindən maliyyələşən təhlükəsizlik qrupu tərəfindən qorunur. Kral həm də qardaşının xərclərini qarşılayır və səxavətlə dolanışığını təmin edir.
***
Lakin kralın qardaşına qarşı səbrinin tükəndiyi və Endrü üçün indi “yalnız iki mümkün variantın” olduğunu aydınlaşdırdığı deyilir.
Birincisi, hersoq müstəqil olmağın yollarını tapmalı və öz xərclərini ödəməlidir, bu da onun təhlükəsizliyini və evinin saxlanmasını ödəməsi deməkdir. Ancaq dəniz təqaüdündən başqa, Şahzadənin xərclərini ödəyə biləcək gəliri yoxdur.
Krala yaxın mənbələr deyirlər ki, ikinci variant Endryu üçün “daha uyğun bir yerə” köçməyə razılıq verməsidir.
Çarlzın Vindsor mülkündəki “Frogmore” kottecini qardaşı üçün uyğun yeni ev olaraq ayırdığı da məlum olub. Ancaq Şahzadə Endrünün bunu rədd etdiyi də gələn xəbərlər arasındadır.
2019-cu ildə İngiltərə Kraliçası II Yelizavetanın ikinci oğlu Şahzadə Endrü cinsi qısnama ilə bağlı cinayətdən həbs olunan və həbsxanada ölü tapılan amerikalı milyarder Ceffri Epşteynlə dostluğunun İngilis kral ailəsinin işinə zərər verməsi səbəbilə ailə üzvü kimi vəzifəsini tərk etdiyini açıqlamışdı.
Bukingem Sarayı bu məsələ ilə bağlı açıqlama verməkdən imtina etmişdi.