Müəllifə görə, fransız dili biznes dünyasında sərfəli investisiya deyil. Bunun səbəbi Fransada işadamları və onların inkişafı üçün səmərəli şəraitin yaradılmaması, vergilərin çoxluğudur. Fransaya getmək olar, ancaq kafedə oturmaq və baget çörəyi almaq üçün, işləmək üçün yox.
Dünyanın 15 faizi fransızdillidir. Müəllifin buna cavabı budur ki, həmin 15 faizin nə kökdə olduğuna fikir vermək lazımdır: Fil Dişi Sahili, Çad, Mali, Konqo və Konqo Demokratik Respublikası və nəhayət Mərkəzi Afrika Respublikası. Afrikanın əsas hissəsi inkişafda olsa da, fransızdillilər hələ də çapalayırlar. Bununsa səbəbi fransız dilidir. Mallonun fikrincə.
Böyük Britaniyadan fərqli olaraq, Fransa fransızdilli Afrikanın inkişafdan qalmış ölkələrində öz mövcudluğunu hələ də saxlayır. Bu ölkələrin diktatorlarını da Fransa təyin edir və dəstəkləyir, böhran zamanı hərbi müdaxilə də edir. İndiyə qədər Fransa Afrikada otuza yaxın hərbi müdaxilə edib, amma hardasa stabil hökümət qurduğunu görən olmayıb. Bundan əlavə, müəllif Fransanı Ruandada tutsilərin soyqırımında iştirakda günahlandırır. Tutsilərin kökünü kəsmək istəyən hutuları siyasi cəhətdən dəstəkləyən, onlara silah satılmasını təmin edən və soyqırıma mane olmayan da, məhz Fransa dövləti olmuşdu.
«Odur ki, mən Ruanda ilə həmrəylik göstərərək övladlarımın fransız dili öyrənməsinə təkidlə mane olacam», deyə Mallon bildirir. O, Ruandanın ingilis dilini rəsmi biznes dili etmək cəhdlərini və «Commonwealth»ə qoşulduğunu xatırlatmağı da unutmur.
Təbii ki, İv Montanın filmlərinə altyazılarla baxmaq yaxşı deyil. Ancaq, alman və ispan dillərini öyrənmək daha sərfəlidir. İspan dilində qaydasız fellərin sayı da azdır.
Sonda, müəllif onu da xatırladır ki, hutuların silah almasına yardım etmiş fransız Pol Barilə qarşı fransızlar məhkəmə iddiası qaldırıblar. Qərar çıxanadək isə Baril Frankofoniya Təşkilatının üzvü olan və Fransaya yüz milyonlara investisiya qoymuş Qətər hökumətinin məsləhətçisi işləyəcək.