Fransada Olimpiya Oyunları zamanı və ondan əvvəl bir çox hücumların qarşısının alınması terror təhlükəsinin səviyyəsinin ümumi artımından xəbər verirdi. Qəzza zolağında və Ukraynada baş verən müharibələr beynəlxalq geosiyasi vəziyyəti daha da gərginləşdirərək kibermüharibə və iqtisadi rəqabət kontekstində hökumətləri və özəl şirkətləri hədəf alan təhdidləri, habelə münaqişələrin Avropaya potensial ixracı ilə bağlı qorxuları da gətirib.
Ona görə də Avropa xüsusilə ölkələrin daxili təhlükəsizliyinə və ümumilikdə qitənin təhlükəsizliyinə təsir edən dilemmalarla üzləşir. Siyasi güc balansına Avropanı İkinci Dünya müharibəsindən əvvəlki dövrə bənzər bir dövrə qaytarmaq potensialına malik olan radikal və ifrat sağçıların yüksəlişi də təsir edə bilər. Odur ki, plüralist cəmiyyətlərin bütövlüyünü qorumaq və uzun müddət Avropanın “səciyyəvi əlaməti” olan demokratik dəyərlər sisteminin dağılmasının qarşısını almaq üçün təkcə təhlükəsizlik tədbirlərinin görülməsindən ibarət olmayan, siyasi, mədəni, təhsil və sosial ölçülərə sahib olan, eyni zamanda, bütövlükdə Avropanın sosial-iqtisadi inkişafının qarşısının alınmasına yönəlmiş bir yanaşma axtarmağın vacibliyi vurğulanır.
Son seçkilər bəzilərinin qorxduğu dərəcədə olmasa da, millətçilərin əvvəlki dövrlə müqayisədə daha çox ifrat sağçı iştirakla öz yerini möhkəmləndirdiyi Avropa Parlamenti ilə nəticələndi. İfrat sağçıların yüksəlişi Qərbi Avropada, xüsusən də Avropa Birliyinin altı təsisçi ölkəsində (Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya və Lüksemburq) cəmləşib.
Avstriya və Böyük Britaniya ilə birlikdə yuxarıda adları çəkilən ölkələrin bəzilərinin bu yay zorakılığa səhnə olması bəlkə də təsadüfi deyil. Bu yay terrorizm, dini fundamentalizm və ya sağçı ekstremizmlə əlaqəli zorakılıq hadisələri baş verib. Hətta bu hərəkətlərdən istənilən biri müxtəlifliyi və qarşılıqlı əlaqəsi baxımından görünməmiş təhlükə mühitinin göstəricisidir.
Fransa təkcə Olimpiya Oyunlarına görə həyəcan təbili çalmır. Olimpiadadan əvvəl də həyəcan siqnalları, bıçaqlanmalar və antisemit və ya islamofobik hərəkətlər baş verirdi. Onlardan bəziləri Qəzza zolağındakı müharibənin nəticələri ilə əlaqələndirildi.
Risk çox yüksək olsa da, Paris Olimpiadası zamanı heç bir hücum yaşanmadı. Çünki Fransada riskli hesab edilən insanları kənarlaşdırmaq və ya onlara nəzarət etmək üçün əhəmiyyətli tədbirlər görüldü. Avropanın fəal qabaqlayıcı tədbirlərdə uğur qazanması nəticəsində beynəlxalq əməkdaşlığa nail olunub. Fransa prezidenti Emmanuel Makron avqustun ortalarında təhlükəsizlik sahəsində əldə edilən uğurlardan məmnunluğunu ifadə edərək, Olimpiya Oyunları zamanı üç terror planının qarşısının alındığını açıqlayıb. Avqustun 24-də Fransanın cənubunda sinaqoq yandırılıb. Şübhəlinin əlcəzairli olduğu müəyyən edilib. Antisemitizm və ya Qəzzadakı müharibənin nəticələri ehtimal edilən səbəblər arasında olsa da, “tənha canavar” hərəkətlərini tanımaq və onların əsl səbəblərini bilmək daha çətindir. Təhlillərin birində İranın təhlükəsizlik xidmətləri Avropada israillilərə və yəhudilərə sui-qəsd etmək üçün mütəşəkkil cinayətkarlıq və narkotik ticarəti şəbəkələrinin üzvləri ilə əməkdaşlıqda ittiham olunurdu. Lakin rəsmi Avropa mənbələri bu iddianı sübut etməyib üstündən sükutla keçdi.
Bu yay Almaniyada bıçaqlı terror aktları baş verib. İlk hücum keçən iyun ayında Mannheim şəhərinin mərkəzində həyata keçirilib. Hücum nəticəsində bir polis məmuru öldü, beş nəfər yaralandı. Avqustun 23-də ölkənin qərbindəki Solingen şəhərində 3 nəfərin ölümü ilə nəticələnən ikinci hücumun İŞİD adından radikal suriyalı qaçqın tərəfindən həyata keçirildiyi müəyyən edilib. Bu hadisə silah və kəsici alətlərin gəzdirilməsi və cinayətkarların deportasiyası ilə bağlı qanunun sərtləşdirilməsi ilə bağlı müzakirələri yenidən alovlandırsa da, “islamçı terrorizm”in ölkənin təhlükəsizliyinə ən böyük təhdidlərdən biri olduğu vurğulandı.
Belə qızğın bir mühitdə 1 sentyabrda keçirilən regional seçkilərdə ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının şərqdəki Türingiya əyalətində böyük qələbə qazanması təəccüblü deyildi. Bu nəticə ifrat sağçılara İkinci Dünya müharibəsindən sonra əyalət parlament seçkilərində ilk qələbəsini qazandırdı, AfD isə qonşu Saksoniya əyalətində də az fərqlə ikinci oldu.
Bütün bunlar immiqrasiya, sığınacaq, islamçı terror, terrorizm və nasizmin qaranlıq keçmişindən əziyyət çəkən bir ölkədə ən təhlükəli siyasi düstur ifrat sağçıların yüksəlişi arasında mənfi birləşmə potensialını və əlaqəni göstərir. Sentyabrın 5-də Bavariyanın paytaxtı Münhendə İsrail konsulluğu yaxınlığında baş verən hücumun qarşısının alınması təhlükənin davam etdiyini göstərdi. Məlum olub ki, hücum edən şəxs İŞİD-lə əlaqədə şübhəli bilinən Bosniya və Herseqovinadan olan 18 yaşlı avstriyalıdır.
İngiltərədə, La-Manş boğazının öz tərəfində, iyulun sonunda üç qızın öldürülməsindən sonra, avqustun əvvəlində bir çox şəhərdə zorakılıq baş verdi. Səlahiyyətlilər iddiaları təkzib edən açıqlamalar versələr də, ifrat sağçı qrupların hücum edənin müsəlman mühacir olduğunu deməsindən sonra yayılan zorakılıqlar mühacirlərin və müsəlmanların təhlükəsizliyi ilə bağlı qorxuları artırıb. Polis, 15 il əvvəl yaradılan, lakin sonradan dağılan anti-İslam ifrat sağçı İngilis Müdafiə Liqası (EDL) ilə əlaqəli təşkilatları günahlandırdı. Qaçqınların məskunlaşdığı hoteli yandırmaq cəhdi, islami qurumlara hücumlar və mühacirlərin dükanlarının talan edilməsi internetdə yayılanda hər kəsi şoka düşdü.
Təhdidlər İngiltərənin şimal-şərqindəki Sautport və Sanderlenddəki məscidlərə də çatdı. Bu, məscidlərdə namaz qılanların təhlükəsizliyindən qorxduğu üçün yüzlərlə islami qurumda təhlükəsizliyin artırılmasına səbəb oldu. Başda Liverpul, Mançester, Bristol, Bləkpul və Hull olmaqla, Şimali İrlandiyanın Belfast şəhəri başda olmaqla bir çox şəhərlərə şiddətin yayılması narahatlıq yaradıb.
Görünən odur ki, dini liderlərin hadisələri pisləyən bəyanatları, müsəlman elitasının məlumatlılığı və həssaslığı, Leyboristlər Partiyası hökumətinin mötədilliyi qoruyub saxlamaq istəyi narahatlıqların aradan qaldırılmasına və tədbirlər görülməsinə imkan verib. Lakin bu, çoxmillətli və çoxkonfessiyalı quruluşu ilə Britaniya cəmiyyətinin bir tərəfdən irqçiliyin, digər tərəfdən isə dini kimlik və nifrət nitqinin artmasına uyğunlaşa biləcəyinə inam vermir.
Terrorizm və radikalizm təhlükəsinin artması
Terrorizm bu gün Avropa Birliyi (AB) üçün davamlı və geniş yayılmış təhlükəyə çevrilib. Avropa ilk dəfə 2004-cü ildə Əl-Qaidənin Madriddə törətdiyi terror aktları ilə sarsıldı. Bunun ardınca 2005-ci ildə Londonda hücumlar baş verdi. On il sonra, Fransa və Belçikada, statistikaya görə, İraq və Suriyadan müxtləif vasitələrlə (Liviya və Sahel bölgəsi) Avropaya sızmağa çalışan 5 miqrantın və 6 min avropalının iştirak etdiyi və məsuliyyəti İŞİD-in daşıdığı terror aktları törədilib.
Avropa qurumları dəyişən təhlükəsizlik şərtlərinə uyğunlaşa bilmədilər, çünki onların xarici və daxili sərhədlərə effektiv nəzarət mexanizmləri yox idi. Bu ləngliyin səbəbi təkcə Şengen vizası qaydaları deyil, həm də Avropanın təlatümlü qonşuluqda sabitlik və təhlükəsizlik oazisi olaraq qalması ilə bağlı fikirdir. Məlumat mübadiləsi və bu məlumatlardan istifadə edilməməsi səbəbindən terror şəbəkələrinin nüfuzu, təhlükəsizlik zəiflikləri və bürokratiya və eqoizmə üzündən qabaqlayıcı tədbirlərin görülməməsi bu terrorlardan kifayət qədər dərs alınmadığını göstərir. Buna görə də, AB bu gün təhlükəsizliyini və dəyərlərini birbaşa hədəfləyən çoxşaxəli terror təhlükəsi ilə üz-üzədir.
İndi, 2015-2016-cı illərdə baş verən terror aktları dalğasından 10 ildən az bir müddət sonra terror kabusu Avropaya qayıtmış kimi görünür. İndiyədək qabaqlayıcı tədbirlər böyük hücumların qarşısının alınmasında özünü doğruldub və indiki təhlükə fundamentalizmin, tərəfdarlığın və irqçiliyin artması nəticəsində yaranan dərhal və lokallaşdırılmış terrorizmdir.
Yeni terrorizm və onun ideoloji və sosial əsaslandırmaları ilə mübarizənin uğursuzluğu metodların effektiv olmadığını və bu fenomenə qarşı intellektual mübarizənin aparıla bilməyəcəyini göstərir.
Terrorizmə təkcə qlobal bir hadisə kimi yanaşmaq deyil, həm də onun ayrı-ayrı ölkələrin təcrübələri ilə bağlı olan spesifik Avropa ölçüsünü tanımaq daha faydalıdır. Bu həm də regional və qlobal səviyyədə əlaqələndirilmiş strategiyaların olmaması ilə bağlıdır.
Təbii ki, Avropa modeli yanaşması və ya Avropa paytaxtlarının kosmopolit xarakteri sivilizasiyalar və dinlər arasında yadlaşma ideyalarının tərəfdarlarının xoşuna gəlmir. Amma təcridçilik, irqçilik və islamofobiya tezisləri üfüqsüz olaraq qalmaqda davam edəcək, dini müharibələrə və Qərblə Şərq arasındakı parçalanmaya qayıtmaq məntiqinə düşəcək və ekstremistlər, irqçilər və nihilistlər üçün ən yaxşı hədiyyə olacaq.
Terrorizm və irqçilik qarşısında təhlükəsizlik həlləri və radikallaşma və ya marginallaşmaya diqqət yetirmək kifayət deyil. Vətəndaşlıq vəzifə və məsuliyyətlərində tərəfdaşlıq əsasında ixtisaslı və istəkli müsəlman siyasi və dini elitaları ilə daha çox inteqrasiya və qarşılıqlı əlaqə üçün intellektual tərəf nəzərə alınmalıdır.