ABŞ Federal Aviasiya İdarəsi (FAA) “Hartsfield-Jackson” Atlanta Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında Delta sərnişin təyyarəsinin eyni şirkətin törəməsi olan “Endeavour Airlines”ə məxsus təyyarə ilə toqquşduğunu açıqlayıb.
Bildirilib ki, Yaponiyanın paytaxtı Tokioya qalxmağa hazırlaşan Delta Hava Yollarına məxsus Airbus A350 reysi 295 saylı təyyarənin qanad ucu 5526 saylı “Endeavour Air” təyyarəsinin quyruğuna dəyib.
Qəza ilə bağlı paylaşılan videoda Bombardier tipli təyyarənin toqquşma nəticəsində bütün quyruq hissəsinin yerə düşdüyü görülüb.
Tokioya gedən Delta təyyarəsində 221 sərnişinin, Luiziana ştatına uçmağa hazırlanan “Bombardier CRJ900” tipli Endeavour şirkətinin təyyarəsində isə 56 sərnişinin olduğu qeyd edilib.
FAA rəsmiləri toqquşma nəticəsində heç kimin xəsarət almadığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.