Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Mansur Yavaş hakim partiyanın seçkiyə hiylə qarışdırdığını, səslərin sayılması zamanı çoxlu sayda pozuntulara, saxtakarlığa yol verildiyini iddia edir və dediklərinin sübutu olaraq ortada çoxlu faktlar olduğunu bildirir.
Dünən mətbuat konfransı keçirən Gökçək isə seçki nəticələriylə əlaqədar aşağıdakıları söyləyib: «CHP Ankarada mətbuat konfransları vasitəsilə ilə təzyiq göstərmək, tərəfdarlarına davamlı olaraq mesaj vermək fikrindədir. Məğlubiyyəti bir cür qəbul edə bilmirlər. İnsanları küçəyə tökmək üçün əllərindən gələni edirlər. Necla Kızılbağ liseyində zibil maşını içində bəzi sənədləri çölə çıxartmağa çalışdılar. Zibilxanaya tökərək, «Biz səsləri burada gördük» deyəcəkdilər. Ancaq biz belə demək olarsa, onları cinayət başında tutduq və düşündükləri olmadı.
Onu da qeyd edək ki, Türkiyədə ən azı son 30 ildə ilk dəfədir ki, seçkilərə hiylə qarışdırıldığı və saxtakarlığa yol verildiyinə dair iddialar səslənir və seçkidən keçən 8 gün müddətində heç cür səngimir, bu iddialar söz olaraq qalmır və hüquqi müstəviyə çıxarılır.