Vaxt.Az

Günəş sisteminin nizamını başqa ulduz pozub?


 

Alimlər Yupiter və Saturnun bəzi peyklərinin də buradan gəldiyini düşünürlər

Günəş sisteminin nizamını başqa ulduz pozub? Alimlər milyardlarla il əvvəl Günəşin yaxınlığından keçən bir ulduzun Neptundan sonra gələn göy cisimlərinin orbitlərinə təsir etdiyini irəli sürüblər.

Xarici Günəş Sistemində, Neptundan kənarda minlərlə göy cismi var. Əslində, astronomlar bu bölgədə diametri 100 kilometrdən çox olan on minlərlə obyektin Günəş ətrafında fırlandığından şübhələnirlər.

Trans-Neptun cisimləri (Trans-Neptunian object – TNO) adlanan bu strukturlar haqqında indiyə qədər aparılan müşahidələrdə onların orbitlərinin dairədən daha çox ellipsə yaxın olduğu qeyd edilib.

TNO orbitlərinin bu qəribəliyini izah etmək üçün irəli sürülən məşhur nəzəriyyələrdən biri sistemdə 9-cu planetin olması barədədir. Bəzi alimlər orbitin pozulmasına tək bir böyük planet deyil, daha kiçik obyektlərin səbəb olduğunu düşünürlər.

Başqa bir perspektiv Nyutonun ümumdünya cazibə qanunlarının işləmədiyi düşünülən interqalaktik bölgədəki qravitasiya dinamikasını Günəş sisteminə uyğunlaşdıraraq problemi həll etməyə çalışır. Modifikasiya olunmuş Nyuton Dinamikası (MOdified Newtonian Dynamics – qısaca MOND) adlanan hesablama Günəş sisteminə uyğunlaşdırıldıqda 9-cu Planet problemi həll edilir. Ancaq bu dəfə “Nyutonun Ümumdünya Cazibə Qanunu nə dərəcədə etibarlıdır” sualı yaranır.

Keçən həftə “Nature Astronomy” jurnalında dərc olunan məqalədə TNO orbitləri ilə bağlı yeni bir ehtimal vurğulandı.

Tədqiqatçılar düşünürlər ki, bir neçə milyard il əvvəl Günəşin yaxınlığından keçən bir ulduz bu cisimlərin orbitlərinə təsir göstərmiş, hətta bəzilərini orbitdən çıxararaq Yupiter və Saturnun peykləri çevirmiş ola bilər.

Bu nəzəriyyəni sınaqdan keçirmək istəyən qrup, 3 min ayrı kompüter simulyasiyasında müxtəlif kütlələrə malik ulduzların Günəşə yaxın keçməsi nəticəsində meydana gələcək mühiti hesablayıb.

Alimlər belə qənaətə gəliblər ki, Günəşdən bir qədər yüngül olan bir ulduz Günəş sistemini indiki vəziyyətinə salmış ola bilər.

Məqalənin müəlliflərindən biri Amit Qovind əlavə edir: “Bu ulduz Günəşin yanından təxminən 16,5 milyard kilometr məsafədə keçib”.

Bu, Yerlə Günəş arasındakı məsafədən təxminən 110 dəfə, ən kənar planet Neptunun məsafəsindən isə 4 dəfə azdır.

“The Astrophysical Journal Letters” jurnalında dərc olunan başqa bir məqalədə Qovind və onun həmkarları bu keçid zamanı ulduzun Yupiter və Saturn kimi nəhəng planetlərin orbitlərinə bəzi TNO-ları atmış ola biləcəyini irəli sürürlər.

Alimlər deyirlər ki, bu planetlərin qəribə orbitində fırlanan peykləri TNO-larla çox oxşardır.

“Nəhəng planetlər bu obyektlərin bəzilərini tutaraq onları peykə çevirmiş ola bilər. Bu, Günəş sisteminin xarici planetlərinin niyə iki fərqli peyk növü olduğunu izah edə bilər”, – deyə Leiden Universitetindən və tədqiqat qrupunun üzvü Simon Porteqis Zvart bildirir.

Məqalənin müəlliflərindən biri olan Suzan Pfalzner, “Bu modelin gözəlliyi sadəliyindədir. Günəş sistemi ilə bağlı bir çox suala tək cavabla qydınlıq gətirir”, – deyib.

Digər tərəfdən, Neptuna yaxından keçən belə bir ulduzun planetin orbitinə təsir etmək potensialı var.

Bununla belə, tədqiqatçılar deyirlər ki, simulyasiyaların dörddə birində Neptun ulduzun arxasında qalaraq onun təsirindən xilas olub.

Yenə də yalnız kompüter simulyasiyalarına əsaslanan nəzəriyyəni dəstəkləmək üçün müşahidə məlumatları lazımdır.

2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılan Vera C. Rubin Rəsədxanasının TNO-ların sirlərini araşdıraraq onların həllinə töhfə verəcəyi gözlənilir.

 





12.09.2024    çap et  çap et