“Yonhap” agentliyi Cənubi Koreya Baş Qərargahının bəyanatına istinad edərək, Şimali Koreyanın raket sınaqları keçirdiyi xəbərini yayıb.
Müvafiq olaraq, yerli vaxtla saat 07.10-da paytaxt Pxenyan yaxınlığından buraxılan raketlərin təxminən 360 kilometr məsafə qət etdikdən sonra Yapon dənizinə düşdüyü bildirilib.
Qeyd edilib ki, “təxribatçı hərəkətlər” kimi qiymətləndirilən raket sınaqları Koreya yarımadasının sabitliyini təhdid edib.
“Biz Cənubi Koreya və ABŞ arasında ciddi ümumi müdafiə mövqeyi altında Şimali Koreyanın fəaliyyətini yaxından izləyərkən təxribata cavab vermək üçün əzici imkanlarımızı və duruşumuzu qoruyacağıq", – bəyanatda deyilir.
Yaponiya Müdafiə Nazirliyinin açıqlamasında, raketlərin Yaponiyanın milli müstəsna iqtisadi zonasından kənara düşdüyü təxmin edildiyi bildirilib.
Yaponiyanın müdafiə naziri Kişi Nobuo mətbuata verdiyi açıqlamada, “tamamilə qəbuledilməz” olaraq xarakterizə etdiyi sınaqların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu bildirib.
Tokio hökumətinin sınaqlarla bağlı Pxenyan rəhbərliyinə etiraz notası göndərdiyini qeyd edən Nobuo, raketlərin düşdüyü bölgədə fəaliyyət göstərən hava və dəniz elementlərinin zədələnmədiyini bildirib.
Sınaqların Pxenyan administrasiyasının “Cənubi Koreya və ABŞ-ın bu yaxınlarda birgə keçirdikləri təlimlərə görə ağır bədəl ödəməli olacaqları” xəbərdarlığından sonra həyata keçirilməsi diqqət çəkib.