Vaxt.Az

Rusiyanı cəzalandıran iki layihə


 

«Bir qədər səbriniz olsun, baxaq görək nələr olacaq»

Rusiyanı cəzalandıran iki layihə Bu gün (7 aprelin 2014) Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayacaq. Budəfəki sessiya dünyanın diqqət mərkəzindədir. Ona görə ki, yaz sessiyasında Rusiyanın Ukrayna torpağı Krımı işğal etməsi məsələsinin müzakirə olunacağı gözlənir. Rəsmən təsdiqlənməmiş məlumata görə, sessiyada Rusiyanın səsvermə hüququndan məhrum edilməsi müzakirəyə çıxarılacaq.

Bu məsələ gündəliyə çıxarılsa bir sıra dövlətlər kimi Azərbaycan da ciddi seçim qarşısında qalacaq. Ukrayna məsələsi AŞPA-da müzakirəyə çıxarılsa, Azərbaycan nümayəndə heyəti necə mövqe tutacaq?

Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bir neçə gün öncə «Media forum» saytına deyib ki, Azərbaycanın Ukrayna məsələsində mövqeyi bəllidir və dəyişməz qalır: «BMT Baş Assambleyasında keçirilən səsvermədə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və birmənalı mövqe ortaya qoyulub. Başqa mövqe ola bilməz. Əgər Ukraynanın ərazi bütövlüyü məsələsi AŞPA-da müzakirəyə çıxarılsa, Azərbaycan BMT Baş Assambleyasındakı mövqeyini təkrarlayacaq və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə səs verəcək».

«Rusiyanın səsvermə hüququnun dayandırılması müzakirəyə çıxarılsa, Azərbaycan nümayəndə heyəti necə mövqe tutacaq» sualına Səməd Seyidov isə o qədər aydın cavab verməyib: «Biz bilirik ki, Ukraynanın ərazi bütövlüyü pozulub, ərazisinin bir hissəsi işğal olunub. Ərazi bütövlüyü müqəddəs məsələdir. Ona görə də bu məsələ ilə bağlı mövqeyimiz aydın və açıqdır. Bir qədər səbriniz olsun, baxaq görək nələr olacaq. Məsələlər konkret formada ortaya çıxanda mövqe bildirəcəyik».

Bəzi siyasətçilər və politoloqlar isə hesab edir ki, Rusiyanın AŞPA-da səsvermə hüququnun dayandırılması məsələsi müzakirəyə çıxarılacağı və səsə qoyulacağı halda böyük ehtimalla Azərbaycan nümayəndə heyəti ya səsverməyə qatılmayacaq, ya da bitərəf qalacaq. Politoloq Zəfər Quliyev də «Yeni Müsavat»a son müsahibəsində bu cür proqnoz verib.

 





07.04.2014    çap et  çap et