FSB-dən verilən açıqlamada, İngiltərənin beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsi prosesini koordinasiya etdiyini göstərən bəzi sənədlərin Rusiya kəşfiyyatı tərəfindən ələ keçirildiyi bildirilib.
“Bu sənədlər Britaniya Xarici İşlər Nazirliyi yanında Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğunun Rusiya və keçmiş Sovet İttifaqı ölkələrinə qarşı destruktiv siyasətin həyata keçirilməsi prosesini koordinasiya etdiyini göstərir”, – bəyanatda deyilir.
Açıqlamada bu bölmənin Rusiyanı strateji cəhətdən məğlub etmək üçün Ukraynada müharibə başlayandan sonra kəşfiyyat bölməsinə çevrildiyi, Moskvaya göndərilən bəzi ingilis diplomatların hərəkətlərinin ölkənin təhlükəsizliyini təhdid etdiyi iddia edilib.
Açıqlamada, “Bu kontekstdə əldə edilən sənədlər əsasında Rusiya Londonun düşmən addımlarına qarşı tədbir görüb və İngiltərənin Moskvadakı səfirliyinin siyasi bölməsində çalışan 6 əməkdaşın akkreditasiyasını ləğv edib. Onların casusluq və təxribatla məşğul olduqları müəyyən edilib”, – deyilir.
FSB, həmçinin akkreditasiyası ləğv edilən britaniyalı diplomatların fotoşəkillərini dərc edib.
***
Rusiya altı britaniyalı diplomatın casusluqda şübhəli bilinərək akkreditasiyasını ləğv etdikdən sonra Britaniya casusluq ittihamlarının “tamamilə əsassız” olduğunu bildirib.
İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü mövzu ilə bağlı verdiyi yazılı açıqlamada, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İngilis personalına qarşı irəli sürdüyü ittihamların “tamamilə əsassız” olduğunu bildirib.
Rəsmi, “Rusiya hökuməti Rusiyanın Avropa və Böyük Britaniyadakı fəaliyyətlərinə qarşı Britaniya hökumətinin gördüyü tədbirlərə uyğun olaraq, keçən ay 6 Britaniya diplomatının Rusiyadakı diplomatik akkreditasiyasını ləğv etdi. Milli maraqlarımızı qoruduğumuz üçün üzr istəmirik”, – deyib.