Vaxt.Az

İran kosmosa tədqiqat peyki göndərib


 

60 kq-lıq “Çemran-1” yerli istehsaldır

İran kosmosa tədqiqat peyki göndərib İran “Çemran-1” adlı tədqiqat peykini uğurla kosmosa çıxardığını və onu 550 kilometr məsafədə orbitə yerləşdirdiyini açıqlayıb. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, yerli istehsal olan peyk Kaim-100 peyk daşıyıcı raketi ilə orbitə buraxılıb.

Təxminən 60 kiloqram ağırlığında olan tədqiqat peyki 550 kilometr məsafədə yerləşdirilib.

Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus Kaim-100 adlı bərk yanacaqla işləyən peyk daşıyıcı raket 2022-ci ilin noyabrında suborbital sınaq uçuşunu başa vurub.

ABŞ və onun Qərb müttəfiqləri İranın ballistik raket fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu və İranın peyk fəaliyyətinin arxasında Yaxın Şərq və Avropanı təhdid edən qitələrarası ballistik raket proqramını gizlətdiyini iddia edib.

Digər tərəfdən Tehran, hazırlanan raketlərin konvensional olduğunu və BMT Təhlükəsizlik Şurasının nüvə sazişini dəstəkləyən 2231 saylı qətnaməsinə uyğun olduğunu bildirib.

Yanvar ayında İran “Sürəyya” adlı uzaqdan zondlama peykini orbitə çıxardığını və onu 750 kilometr məsafədə orbitə yerləşdirdiyini açıqlamışdı.

 





14.09.2024    çap et  çap et