Vaxt.Az

İraqda İŞİD liderləri öldürülüb


 

Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb

İraqda İŞİD liderləri öldürülüb Amerika ordusu avqustun 29-da İraqın təhlükəsizlik qurumları ilə ölkənin qərbində keçirdiyi əməliyyatda nəyə nail olduğunu nəhayət açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yeni açıqlama ilə İŞİD liderlərindən 4-nün əməliyyatda öldürüldüyünü, onların adlarını və vəzifələrini belə açıqlayıb: İŞİD-in İraqdakı bütün əməliyyatlarından məsul Əhməd Həmid Hüseyn Əbdülcelil əl-İthavi, ölkənin qərbindəki bütün əməliyyatlara cavabdeh olan Əbu Hammam və texniki təchizata cavabdeh Əbu Əli əl-Tunisi və İraqın qərbindəki hərbi əməliyyatlardan məsul olan Şakir Əbud Əhməd əl-İssavi.

CENTCOM komandanı general Maykl Erik Kurilla mətbuata açıqlamasında təşkilatın imkanlarının azaldığını vurğulayıb: “ABŞ müttəfiqlərimizə və tərəfdaşlarımıza, regional sabitliyə təhlükə yaratmaqda davam edən İŞİD-lə mübarizə fəaliyyətinə sadiqdir”.

ABŞ Mərkəzi Komandanlığı daha əvvəl çoxlu silah, bomba və kamikadze kəməri olan 15 İŞİD yaraqlısının öldürüldüyünü açıqlamışdı. Son açıqlamada isə sayı 14-ə endirilib.

Həmçinin, basqın zamanı 7 ABŞ əsgərinin yaralandığı və mülki vətəndaşlardan zərərçəkən olmadığı bildirilib.

Digər tərəfdən, Bağdad və Vaşinqton ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın ölkədən çıxarılması qərarını təxirə salmaq üçün danışıqları davam etdirir.

İraq xarici qoşunların ölkədən tamamilə çıxarılmasını istədiyini bildirsə də, bunun nə vaxt baş verəcəyini açıqlamır.

2021-ci ilin dekabrından bəri ABŞ Yaxın Şərq ölkəsində “məsləhət və yardım” rolunda təxminən 2500 hərbçi yerləşdirib. Suriyada İŞİD-ə qarşı beynəlxalq koalisiyanın çətiri altında 900 amerikalı əsgər xidmət edir.

CENTCOM sentyabrın 11-də Suriyanın şərqində əməliyyat keçirdiyini və bomba yerləşdirməyə hazırlaşan İŞİD yaraqlısını məhv etdiyini açıqlayıb.

Bölgədə gərginliyi artdığı bir zamanda koalisiya qüvvələri İranın dəstəklədiyi təşkilatların da hədəfindədir. ABŞ-ın rəhbərlik etdiyi qoşunlar İraq və Suriyada onlara da cavab verir.

 





14.09.2024    çap et  çap et