Vaxt.Az

“Bizi aldadıb işləməyə məcbur etdilər”


 

Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb

“Bizi aldadıb işləməyə məcbur etdilər” Rusiya ordusunda "aldadılıb işləməyə məcbur olduqlarını" iddia edən 4 hindistanlı dünən öz ölkələrinə qayıdıb. “Times of India”nın məlumatına görə, həmin 4 Hindistan vətəndaşından biri olan Məhəmməd Sufiyan ordudakı təcrübələrindən danışıb.

Sufiyan onlara “qul kimi” rəftar edildiyini iddia edərək, “Bizi hər gün səhər saat 6-da oyanmağa, 15 saat istirahətsiz, yatmadan işləməyə məcbur edirdilər. Şərtlər insanlığa sığmaz idi”, – deyib.

Hər hansı bir yorğunluq əlaməti gördükdə onlara atəş açıldığını iddia edən Sufiyan, Qucaratdan olan Hamil adlı dostunu PUA hücumu nəticəsində itirdiyini iddia edib.

Sufiyan qeyd edib ki, Hamilin ölümündən sonra vəziyyətin ciddiliyini anlayıb və vəziyyətini ailəsinə çatdırıb və ailəsi Hindistan Xarici İşlər Nazirliyinə müraciət edib.

Ölkəsinə qayıdan digər Hindistan vətəndaşı Syed İlias Hussaini, “qorxu həyatımızın daimi hissəsinə çevrilmişdi, çünki nə qədər yaşayacağımızı bilmirdik”, – deyib.

Sufiyan və Hüseyni Rusiya ordusunda “aldadılan və işləməyə məcbur edilən” azı 60 Hindistan vətəndaşının olduğunu bildiriblər.

***

Hindistanın Mərkəzi Təhqiqat Bürosu (CBI) martın 7-də ən azı 35 Hindistan vətəndaşının agentlər vasitəsilə Rusiyaya aparıldığını elan edərək, bu şəxslərin döyüş rolları üzrə təlim keçdiklərini və onların iradəsinə zidd olaraq Rusiya-Ukrayna müharibəsinə aparıldıqlarını vurğulayıb.

Xarici İşlər Nazirliyi də martın 8-də Hindistan vətəndaşlarının Rusiya ordusunda iş vədi ilə aldadıldığını və ora aparıldığını iddia edib və nazirliyin sözçüsü Randhir Caisval vətəndaşları rus ordusunda “dəstək işləri” təklif edən vasitəçilərə aldanmamağa çağırıb.

May ayında CBI Hindistan vətəndaşlarını iş vədi ilə aldadaraq Rusiyaya aparmaqda şübhəli bilinən 4 nəfəri saxlayıb.

 





14.09.2024    çap et  çap et