Sergey Ryabkov bu sözləri Rusiyanın paytaxtı Moskvada keçirilən BRİKS Media Sammitində cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verərkən deyib.
Qərbin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücum etməsinə icazə vermə ehtimalını dəyərləndirən Ryabkov bir müddət əvvəl müvafiq qərarın alındığını və bu məsələ ilə bağlı siqnalların Kiyevə çatdırıldığını bildirib.
Ryabkov, “Ona görə də biz buna adekvat cavab verəcəyik. Burada ciddi risk var. Çünki Vaşinqtonda, Londonda və başqa yerlərdə düşmənlər başladıqları oyunun təhlükə səviyyəsini aşağı qiymətləndirirlər. Əgər ilk növbədə bu istiqamətdə addımlar atılsalar, hərbi baxımdan hərtərəfli cavab alacaqlar. Bu, bizim üçün çox vacibdir”, – deyib.
“ABŞ və Böyük Britaniyanın Ukraynadakı gərginliyi idarəolunmaz həddə çatdırmağa çalışdıqlarını” iddia edən Ryabkov ABŞ-la səfirlik səviyyəsində təmasları zamanı bundan imtina etmək üçün siqnallar verdiklərini, lakin bu siqnalların təsirli olmadığını qeyd edib.
***
ABŞ-ın Rusiyaya qarşı təcavüzkar siyasət yürütdüyünü deyən Ryabkov ölkəsinə tətbiq etdiyi sanksiyalara cavab olaraq ABŞ-a uran ixracına qadağa qoya biləcəklərini bildirib.
Nazir müavini Ryabkov ABŞ-ın Rusiya və İran arasında hərbi texnologiya sahəsində əməkdaşlığın qarşısını almağa çalışdığına işarə edərək, "Amerika Rusiya ilə İran arasında münasibətləri pozmaq, öz maraqları naminə başqasının meydanında oynamaq istəyir, lakin bu məsələdə uğur qazana bilməyəcəklər. ABŞ başqalarının işinə qarışa bilməz. Onlar öz işləri ilə məşğul olmalıdırlar. Şimali Amerikanın öz sərhədləri daxilində çoxlu problemləri var”, – deyib.