Baş nazir yeni hipersəs ballistik raketlə İsrailə hərbi hücuma keçdiklərini açıqlayan Yəməndəki husiləri hədələyərək, Livan sərhədindəki vəziyyəti dəyişdirmək üçün “hər şeyi edəcəklərini” açıqlayıb.
Nazirlər Kabinetinin həftəlik iclasından əvvəl Netanyahu bu gün Yəməndən ölkəyə ballistik raket hücumu və İsrail-Livan sərhədindəki vəziyyətlə bağlı mətbuata amıqlamalar verib. Bu səhər İsrailə yeni hipersəs ballistik raketlə hücum etdiklərini açıqlayan Yəməndə İranın dəstəklədiyi husiləri təhdid edən Netanyahu, “Bizə hücum edən heç kim, heç yerə qaça bilməyəcək”, – deyib.
“Husilər indiyə qədər bilməli idilər ki, bizə zərər vermək cəhdinə görə onlara ağır cavab verəcəyik. Xatırlatmaya ehtiyacı olanlar Hudeyda limanını ziyarət edə bilərlər”, – dedi.
İsrailin şimal sərhədində mövcud status-kvonun davam etməyəcəyini və bölgədə güc balansında dəyişiklik edilməsinə ehtiyac olduğunu vurğulayan Netanyahu bölgə sakinlərinin evlərinə qayıtması üçün “hər şeyi edəcəklərini” bildirib.
Yəməndəki husilər iyulun 19-da İsrailin paytaxtı Tel-Əvivə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
Bunun əvəzində İsrail ordusu iyulun 20-də Yəmənin Qırmızı dəniz sahilindəki Hudeydə limanında İranın dəstəklədiyi husilərin hərbi hədəflərinə hava hücumu həyata keçirib və hücumda 9 nəfər ölüb, 89 nəfər yaralanıb.
Yəməndə İranın dəstəklədiyi husilərin hərbi sözçüsü Yəhya Seri bu gün İsrailə yeni hipersəs ballistik raketlə hərbi hücum həyata keçirdiklərini açıqlayıb. İsrail ordusunun da açıqladığı hücumda hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilən raket hissələrinin İsrailin mərkəzindəki açıq əraziyə düşdüyü, Ben Qurion hava limanı yaxınlığındakı boş yerdə yanğının başladığı bildirilib.
İsrailin Qəzzaya hücumlarından sonra 8 oktyabr 2023-cü il tarixindən etibarən Livandakı “Hizbullah” və “HƏMAS” terror təşkilatları ilə İsrail ordusu arasında “Mavi xətt” üzərində qarşıdurmalar davam edir.