Vaxt.Az

60 gündə iki sui-qəsd cəhdi


 

Tramp bir daha hədəfdədir: Sui-qəsd cəhdi və şübhəli haqqında hər şey məlumdur

60 gündə iki sui-qəsd cəhdi ABŞ-ın keçmiş prezidenti Donald Trampın iyulun 13-də keçirdiyi mitinqdə törətdiyi silahlı hücumun əks-sədası davam edərkən, yeni sui-qəsd xəbərləri dünyada trend mövzusuna çevrilib.

Tramp Florida ştatının “West Palm Beach”də yerləşən klubda qolf oynayarkən silah səsləri eşidilib.

Daha sonra onun sağ-salamat olduğu və hücumda şübhəli bilinən şəxsin tutulduğu bildirilib.

Hadisə ilə bağlı açıqlama verən FTB, “Bu, sui-qəsd cəhdinə bənzəyir” deyib və təfərrüatlar yavaş-yavaş ortaya çıxır.

 

Şübhəli necə tapılıb tutulub?

 

Florida ştatının Mar-a-Laqo şəhərindəki evindən 15 dəqiqəlik məsafədə yerləşən “Trump International Golf Club”a gedən Trampı qorumaq vəzifəsi daşıyan Məxfi Xidmət agentləri klubu yoxlayarkən təhlükəsizliyi təmin etməyə çalışırdılar.

Adətən növbəti çuxurun ətrafındakı ərazini yoxlayan agentlər yerli vaxtla saat 13:30 radələrində ətrafdakı kolların arasından Kalaşnikov tipli tüfəngin çıxdığını görüblər.

“West Palm Beach” polis rəisi Ric Bradşou, şübhəlinin Trampdan 270-560 metr aralıda olduğunu bildirib.

Məxfi Xidmət əməkdaşları 4-5 dəfə atəş açandan sonra şübhəli qaçıb.

Bradşou, şübhəlinin “GoPro” kamerası, iki kürək çantası, durbin və bir tüfəng qoyaraq avtomobilində qaçdığını bildirib.

Avtomobillə hadisə yerindən təxminən 60 kilometr aralanan şübhəli şahidlərin avtomobilin fotosunu asayiş keşikçilərinə verməsindən sonra yaxalanıb.

Martin dairəsinin polis rəisi Uilyam Snayder şübhəlinin silahsız olduğunu və yaxalanarkən çox emosiya nümayiş etdirmədiyini bildirib.

Ryan Uesli Rut kimdir?

 

Tezliklə şübhəlinin şəxsiyyəti və keçmişi məlum olub. 58 yaşlı Ryan Uesli Rutun sosial media hesablarını araşdıranlar onun Ukraynada Rusiya qüvvələrinə qarşı döyüşmək üçün muzdlu əsgərlər axtardığını görüblər.

Hərbi keçmişi olmayan şübhəlinin 2023-cü ildə “New York Times” qəzetinə verdiyi müsahibə üzə çıxıb.

Özünü keçmiş inşaat işçisi kimi qələmə verən Rut 2022-ci ildə Rusiya işğalı başlayan kimi Ukraynaya getdiyini və Talibandan qaçan əfqan əsgərlərinin Kiyev adına döyüşmək üçün hərəkətə keçdiyini deyir.

Rut iyul ayında “Facebook”da aşağıdakı mesajı paylaşdı: “Əsgərlər, xahiş edirəm mənə zəng etməyin. Biz Ukraynanın əfqan əsgərlərini qəbul etməsinə sövq etməyə davam edirik və ümid edirik ki, yaxın aylarda bəzi cavablar alacağıq. Səbirli olun”.

Rut həmçinin Fələstini və Tayvanı dəstəklədiyi və Çin əleyhinə mesajlar paylaşdığı aşkar edildi. CNN onun Tayvan üçün oxşar şəkildə muzdlu ordu yaratmağa çalışdığını bildirib.

Rutun özünün yazdığı və nəşr etdirdiyi xarici siyasət kitabında Trampı “axmaq” və “idiot” kimi ifadələrlə təsvir etdiyi ortaya çıxıb. Onun Venesuela lideri Nikolas Maduronu Trampla müqayisə etdiyi, ABŞ Konqresinə basqını nümunə göstərdiyi müəyyən edilib. Rut kitabda keçmişdə Trampı dəstəklədiyinə görə peşman olduğunu da qeyd edib.

Şübhəlinin uzun müddətdir cinayət stajının olduğu da məlum olub. O, silahı gizlətmək, polisə müqavimət göstərmək, ləğv edilmiş vəsiqə ilə avtomobil idarə etmək, oğurlanmış əşyaları saxlamaq, avtomobillə vurub qaçmaq kimi bir çox cinayətlər törədib. Lakin onun hansı cəzaya məruz qaldığı hələlik bəlli deyil.

 

Trampa nə olub?

 

Qısa müddətdə kampaniya komandası Trampa hücum cəhdini təsdiqləyib və ABŞ-ın keçmiş prezidenti də tərəfdarlarına elektron poçt göndərib. Heç vaxt təslim olmayacağını bildirən Tramp, “Ətrafımda silah səsləri eşitdim, lakin söz-söhbətlər nəzarətdən çıxmamışdan əvvəl bunları demək istəyirəm: YAXŞIyam və TƏHLÜKƏSİZDƏM”, – deyib.

“Fox News”un aparıcısı Şon Hanniti keçmiş prezidentin ona dediklərini bildirib: “Onlar beşinci çuxurda idilər və sonra “pop-pop-pop-pop” səsi eşitdilər. Bir neçə saniyə ərzində Məxfi Xidmət prezidenti qoruyurdu”.

Hanniti əlavə edib ki, zirehli maşın sürətlə Trampı götürüb və təhlükəsizliyi təmin edib. Daha sonra Tramp özünün sosial media platforması olan “Truth Social”da növbəti açıqlama verib və deyib: “ABŞ Məxfi xidmətinə, şerif Rik Bredşouya və onun cəsur və fədakar vətənpərvərlərdən ibarət ofisinə və bütün hüquq-mühafizə orqanlarına, onların bu gün “Tramp İnternational”da məni ABŞ-ın 45-ci Prezidenti və Respublikaçı kimi TƏHLÜKƏSİZ saxlamaq üçün etdikləri inanılmazdır. Yaxınlaşan prezident seçkilərində namizəd olaraq işiniz üçün sizə təşəkkür etmək istəyirəm”.

Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Vens də “X”də (Twitter) keçmiş prezidentlə insident ictimailəşməmişdən əvvəl danışdığını açıqladı və Trampın ruh yüksəkliyinin yaxşı olduğunu vurğulayıb.

“The New York Times” yazır ki, Tramp dostları ilə zarafat edib və “Kaş ki, oyunu bitirəydik” kimi sözlər deyib.

 

Kim necə reaksiya verdi?

 

ABŞ prezidenti Co Bayden yazılı açıqlamasında bildirib ki, Məxfi xidmət onun komandasına Trampın təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün resursları təmin etməyə davam etməyi tapşırıb.

Demokratlar Partiyasının prezidentliyə namizədi, vitse-prezident Kamala Harris “Keçmiş prezident Trampa qarşı mümkün sui-qəsd cəhdindən çox narahatam” deyib.

Florida qubernatoru Ron DeSantis ştatın məsələ ilə bağlı öz araşdırması aparacağını açıqlayıb.

Respublikaçı DeSantis, “İctimaiyyətin sui-qəsdçinin kim olduğu və onun keçmiş prezident və indiki prezidentliyə namizədin 500 fut məsafəsinə necə çata bildiyi barədə faktları bilməyə haqqı var”, – deyib.

Demokratlar Partiyasının Nümayəndələr Palatasının üzvü Ro Xanna da açıqlamasında bildirib ki, “60 gün ərzində keçmiş prezidentə iki dəfə sui-qəsd cəhdi qəbuledilməzdir”: “Məxfi Xidmət sabah Konqresə gəlməli və bizə mühafizənin perimetrini genişləndirmək üçün hansı resurslara ehtiyac olduğunu deməlidir ki, biz həmin resursları iki partiyalı səsvermədə həmin gün ayıra bilək”.

Keçmiş FTB direktoru Endrü Makkeyb vurğulayıb ki, şübhəlinin tərk etdiyi avadanlıq ciddi hazırlıqdan xəbər verir.

 





16.09.2024    çap et  çap et