Bir çox amerikalı siyasətçi David Linin azadlığa buraxılmasından sevinclərini bölüşdülər.
“Onun həbsi bütün dünyada avtoritarların tətbiq etdiyi girov diplomatiyasını ifşa etdi”, – deyə ABŞ Konqresinin Respublikaçı üzvü Maykl Makkol bildirib.
Pekində xristianlar üçün dini təhsil mərkəzi yaratmaq istəyən Lin 2006-cı ildə Çin rəsmiləri tərəfindən sorğu-sual edilmiş və ölkədən çıxışı qadağan olunmuşdu.
O, 2009-cu ilin dekabrında ömürlük həbs cəzasına məhkum edilib.
Amerika mətbuatı ona qarşı irəli sürülən bütün ittihamları rədd edən Linin müqavilə saxtakarlığı səbəbiylə bu cəzanı aldığını yazırdı. Həbsxanada olarkən cəzası azaldılan Linin 2029-cu ildə azadlığa çıxacağı gözlənilirdi.
Amerika rəsmiləri də haqsız yerə həbs edildiyini iddia etdikləri 68 yaşlı Lini azad etmək üçün səylər göstərirdilər.
Lin Çində xristianların gizli görüşdüyü ev kilsələrində mühüm fiqur idi. ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası vurğulayır ki, Çin hakimiyyəti bu görüşlərə müsbət baxmır və sərt cəzalarla qarşısını almağa çalışır.
ABŞ Dövlət Katibi Entoni Blinken 2023-cü ilin iyul ayında Lini azad etmək üçün Çin rəsmiləri ilə görüşdüklərini açıqlamışdı.
2023-cü ilin oktyabrında Çinə səfər edən Kaliforniya qubernatoru Qeyvin Nyusom, prezident Si Cinpinq və xarici işlər naziri Vanq Yi ilə görüşərək David Linin azadlığını istəmişdi.
ABŞ-ın “Washington Post” qəzeti nə Çin Xarici İşlər Nazirliyinin, nə də dövlət mediasının mövzu ilə bağlı heç bir xəbər dərc etmədiyini vurğulayıb.
ABŞ Konqresinin Çində həbsdə olan Amerika vətəndaşları ilə bağlı dinləmələr keçirəcəyi gözlənildiyi halda, Linin azadlığa buraxılması xəbəri gəldi.
Bu həftə keçiriləcək iclasda 2016-cı ildə casusluq ittihamı ilə həbs edilən iş adamı Kai Li kimi bir çox adın vəziyyəti müzakirə olunacaq.
Kaliforniyada yerləşən insan haqları təşkilatı Dui Hua Fondu Linin sərbəst buraxılması ilə bağlı verdiyi açıqlamada Çində 200-dən çox amerikalının “məcburi tədbirlər” altında saxlanıldığını və onlardan 30-unun ölkəni tərk edə bilməyəcəyini bildirib.