Vaxt.Az

Şengen böhranı


 

Almaniyanın AB ölkələrini qəzəbləndirən qərarı

Şengen böhranı Almaniyanın 9 qonşusu ilə sərhədlərində yoxlamalara başlamaq qərarı AB və üzv ölkələrin etirazına səbəb olub. Qanunsuz miqrasiyanın öhdəsindən gəlmək üçün qonşuları ilə quru sərhədlərində nəzarəti artırmağa qərar verən Almaniya ilə Avropa Birliyi arasında gərginlik yaranıb.

Almaniya iddia edir ki, Şengen zonasına nəzarət qərarı transsərhəd cinayət şəbəkələri və terror təşkilatları, habelə qanunsuz miqrasiya kimi xarici təhdidlərdən qorunma təmin edəcək, lakin qonşuları bu vəziyyətdən məmnun deyil, çünki bu, ölkələr arasında insanların və malların çıxışı artıq nəzarətə tabe edir.

Berlin hökuməti keçən həftə Avstriya, Polşa, Çexiya və İsveçrənin sərhədlərində aparılan yoxlamaların Fransa, Lüksemburq, Belçika, Hollandiya və Danimarkanı da əhatə edəcək şəkildə genişləndiriləcəyini açıqlamışdı. Bu gün ölkədən gələn görüntülərdə doqquz qonşu ölkənin sərhədlərində pasport nəzarətinin aparıldığı görülüb.

***

Nazirlik həmçinin öz saytında nəzarətlərlə bağlı suallar kataloqu dərc edib. Müvafiq olaraq, səyahət edənlərdən və sərnişinlərdən şəxsiyyət vəsiqəsi və ya pasport kimi sənədləri özləri ilə götürmələri xahiş olunur. Şengen zonasındakı nəzarətlər AB Komissiyasına bildirilməlidir. Almaniya yoxlamalrı 2025-ci il martın 15-nə tətbiq edəcək.

Almaniya indiyədək həyata keçirdiyi sərhəd nəzarəti zamanı 30 min insanın ölkəyə girişinin qarşısını alıb və sərhədlərdə 1300-dən çox qaçaqmalçı yaxalanıb.

Ölkənin daxili işlər naziri Nensi Fezer sərhəd nəzarətinin immiqrasiyanı azaldacağını və ölkəni təhdid edən kəskin təhlükələrdən qoruyacağını iddia edir. Lakin tənqidçilər bunun siyasi motivli olduğunu və çox güman ki, səmərəsiz olacağını deyirlər.

***

Şengen zonası üzv ölkələrə sərhəd nəzarəti olmadan sərbəst hərəkət imkanı verir və kritik bir iqtisadi imtiyaz kimi qəbul edilir. Almaniyanın qərarını açıq şəkildə tənqid edən ilk şəxs Polşanın baş naziri Donald Tusk olub. Baz nazir bunu “qəbuledilməz” adlandırıb.

Tuskun sözlərinə görə, bu qərar Almaniyanın daxili siyasətindən qaynaqlanır və Şengen razılaşmasının faktiki olaraq dayandırılmasına səbəb ola bilər. Yunanıstanın baş naziri Kyriakos Mitsotakis sentyabrın 14-də deyib ki, “sərhəd nəzarəti ilə Şengen sazişindən müvəqqəti istisnalar məntiqinə keçmək düzgün olmaz”.

Avstriya hökuməti həmçinin elan edib ki, Almaniya daha çox insanı sərhəddən qaytarsa, onları geri götürməyəcək.

AB Komissiyasının sözçüsü Anitta Hipper, Şengen bölgəsindəki AB-yə üzv ölkələrin yalnız müstəsna hallarda daxili sərhəd nəzarətini həyata keçirə biləcəyini, bu istiqamətdə qərar qəbul edən Almaniya hökuməti ilə əlaqə saxladıqlarını və Berlinin niyə bu addımı atdığını təhlil etdiklərini bildirib.

***

Almaniyanın qərarına reaksiyalar davam edərkən, sərhəd nəzarəti ifrat sağçı liderlər tərəfindən böyük sevinclə qarşılandı. Hollandiya Azadlıq Partiyasından (PVV) Qirt Uilders Berlinin qərarının “böyük fikir” olduğunu bildirib. Macarıstanın Baş naziri Viktor Orban sosial media hesabında “Kluba xoş gəlmisiniz” mesajını paylaşarkən, fransalı Marin Le Pen Fransanın oxşar təcrübəni nə vaxt tətbiq edəcəyini soruşub.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNCHR) 2024-cü il fevral tarixli hesabatına əsasən, Almaniya üç milyona yaxın qaçqın və sığınacaq axtaran şəxsə ev sahibliyi edir.

Hesabata görə, Almaniya Avropada ən çox sığınacağı olan və qaçqın qəbul edən ölkədir və dünya üzrə üçüncü yerdədir.

 





16.09.2024    çap et  çap et