Vaxt.Az

Yunan ordusunda islahat


 

Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür

Yunan ordusunda islahat Yunanıstanın müdafiə naziri Nikos Dendias Silahlı Qüvvələrdə yenidən strukturlaşmanın olacağını açıqlayıb.

Bir monastırda keçirilən dini mərasimə qatılan Dendias burada etdiyi çıxışda “Silahlı Qüvvələrin tamamilə yenidən qurulacağı bir prosesə keçirik. Ölkənin qarşıdakı 20 il üçün bütün silahlanma proqramı bir neçə gün əvvəl Baş nazir (Kiryakos Mitsotakis) təqdim edildi. Daha sonra parlamentin müvafiq heyətinə təqdim ediləcək və axırda hökumətin Xarici Siyasət və Müdafiə Şurası tərəfindən təsdiqlənəcək”, – deyib.

İcbari hərbi xidmət dövründə və ehtiyatda olan hərbi sistemdə əhəmiyyətli dəyişikliklərin nəzərdə tutulduğunu bildirən Dendias sözlərini belə davam edib: “Biz 11 milyon əhalisi olan kiçik ölkəyik. Təhdidlərlə üzləşirik və bizə qarşı ən əsas iddia 100 milyona yaxın əhalisi olan ölkədən gəlir. Nəticədə ehtiyat hərbi elementdən istifadə etmədən, ölkə müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün hazır səviyyəyə çata bilmirik”.

Yunanıstana bənzər ölkələrdə hərbi quruluşun araşdırıldığını izah edən Dendias, dəyişiklikləri yeni ilə qədər açıqlamağı ümid etdiklərini qeyd etdi.

***

Yunanıstanda 19 yaşdan yuxarı kişilər üçün 12 aylıq məcburi hərbi xidmət var, lakin universitet təhsili kimi xüsusi hallarda hərbi xidmət təxirə salına bilər.

Yunanıstan Silahlı Qüvvələrində təxminən 90 min personal var ki, onlardan 30 mini məcburi hərbi xidmət keçən vətəndaşlardır.

Hərbi xidməti başa vuran bəzi şəxslər ölkədə müharibə və ya fəlakət hallarında ehtiyac yarandıqda hərbi xidmət göstərmək üçün 5-8 ildən bir 9 həftəyə qədər davam edən təlimlərə qoşulurlar.

 





16.09.2024    çap et  çap et