Vaxt.Az

«Dəyişən Hacıyev»


 

«Hər kəsə istədiyinizi demək haqqınızdır, amma...»

«Dəyişən Hacıyev» Dünən Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan «Neftçi» - «Bakı» oyunundan sonra yenə yazmağa mövzu yarandı. Sağ olsun, yenə də Böyükağa Hacıyev danışdı. Amma bu dəfə heç kimi söz atəşinə tutmadı, sadəcə, «insandı» deməklə kifayətləndi. Böyükağa müəllim, artıq xalqın könlünə demək olar ki, yol tapırsınız. Mən «yol» deyəndə Avropa Liqasına yolu, ölkə çempionluğuna aparan yolu yox, çıxışlarınızla ürəklərə çəkdiyiniz yolu nəzərdə tuturam.

Hacıyev qalib gəldiyi oyundan sonra mülayim, həm də çox mülayim açıqlama verib: «Hakim də insandı, hər səhvə görə günahlandırmaq olmaz». Təbii ki, hakim də insandı, hakimin də ailəsi, uşağı var, hakim də sizin kimi, mənim kimi bir parça çörəyə görə çalışır. Amma Böyükağa müəllim, etiraf edin ki, fikirlərinizdə qeyri-səmimi idiniz. Vallah, and içərəm ki, həm də lap çox qeyri-səmimi idiniz. Çünki, hörmətli Hacıyev, mən sizin bu günədək hansısa bir oyundan sonra hakimə «insan» adı verdiyinizi görməmişəm.

Niyə? Böyükağa müəllim, əgər hakimi insan adlandırıb, səhv edə biləcəyini söyləyirsinizsə, niyə bunu daha öncə etmirdiniz? Niyə Rəhim Həsənovu, Vüsal Əliyevi belə müdafiə etmirdiniz? Onları Allaha tapşırdığınız günlərin üstündən beləmi çox vaxt keçib? Təbii ki, bu, sizin haqqınızdı. Kimə nə istəsəniz, deyə bilərsiniz. Amma bu istəklərinizin sonunda İntizam Komitəsinin qərarları dayandığına görə, çox şey də demək, istəmək olmur. Siz sözünüz gəldikdə ağına, bozuna baxan məşqçilərdən deyilsiniz axı, Böyükağa müəllim! Mən bunu yaxşı bilirəm. Yaxşı bilirəm ki, Lənkərandakı oyundan sonra Rəhim Həsənovu, Bakıda «Qarabağ» məğlubiyyətindən sonra Vüsal Əliyevi günahlandırırdınız. Çünki «Neftçi» məğlub olmuşdu. Çünki məğlubiyyətdə günahkar axtarmaq lazım idi. Onda niyə demədiniz? Niyə Vüsal Əliyevin və Rəhim Həsənovun insan olduqlarını, səhv edə biləcəklərini xatırlatmadınız? Niyə hakimləri günahlandırdınız?

Təki siz deyən olsun. Mən də istərdim ki, hər oyundan sonra baş məşqçilər hakimlərdə yox, özlərində səhv axtarsınlar. Mən bir şeyə də əminəm. Əminəm ki, sizin oyundan sonra verdiyiniz açıqlamanı «hakimbaşı» Xaqani Məmmədov oxuyub. İnanıram ki, təkcə oxumaqla kifayətlənməyib, həm də kövrəlib. Gözlərindən sevinc göz yaşı axıb. Axı Məmmədov da insandı, onun da sevinməyə, sevincdən ağlamağa haqqı var. Ona da əminəm ki, Xaqani müəllim səhər işə gəlib və sizin dünənki açıqlamalarınızı yenidən gözdən keçirib, şoka düşüb. Şokdan çıxdıqdan sonra məktub yazmağa başlayıb. Tələsməyin Böyükağa müəllim, harada olsa, poçtalyon hakimi insan adlandırdığınız üçün Məmmədovdan təşəkkür məktubunuzu gətirər. Siz də onun məktubunu oxuyarsınız. Amma oxuduqdan sonra siz də kövrəlin. Çünki həyatda hər şey qarşılıqlıdır.

Bəlkə də mən yanılıram. Bəlkə, siz də nə vaxtsa, hakimin tərəfini saxlamısınız. Amma vallah, mən görməmişəm, birinci dəfə idi. Əgər olubsa, cavanlığıma sayın. Mən də səhv edə bilərəm. Məni də günahlandırmaq olmaz. Axı mən də insanam! (futbolinfo.az)

 





07.04.2014    çap et  çap et