BBC-nin məlumatına görə, Ağ Ev sözçüsü müavini Endrü Beyts Maskın Bayden və Harris haqqında “X” sosial media platformasında paylaşdığı və sonradan sildiyi paylaşımla bağlı açıqlama verib.
ABŞ-da siyasi zorakılığa yer olmadığını bildirən Beyts, Maskın paylaşımı ilə bağlı “Şiddət yalnız qınanmalı, heç vaxt təşviq edilməli və zarafat edilməməlidir. Bu ifadə məsuliyyətsizdir”, – deyib.
Məsələ ilə bağlı ABŞ Məxfi xidməti də BBC-yə açıqlama verib. Açıqlamada Məxfi xidmətin Maskın postundan “xəbərdar olduğu” və qorunan şəxslərə qarşı təhdidlərin araşdırıldığı paylaşılıb.
***
ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı “sui-qəsd cəhdi” olduğu bildirilən hadisənin ardından İlon Mask dünən sahibi olduğu sosial media platforması “X” hesabından açıqlama verib. Mask, “Heç kim Baydenə və Kamalaya sui-qəsd etməyə belə cəhd etmir” dediyi yazısını tezliklə silib.
Reaksiyaların ardınca Mask növbəti şərhində “İnsanlar konteksti bilmirlərsə, və ötürülmə düz mətndirsə, zarafatın daha az gülməli olduğu ortaya çıxır”, – deyib. O, bununla zarafat etdiyini eyham edib.
ABŞ-ın keçmiş prezidenti Trampın Floridada olduğu qolf meydançasının yaxınlığında silah səsləri eşidilib, daha sonra onun sağ-salamat olduğu bildirilib.
Trampın böyük oğlu kiçik Donald Tramp hadisədən sonra yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarının tarladakı kolluqlarda AK-47 silahı tapdığını və şübhəlinin tutulduğunu açıqlayıb. Bildirilib ki, Məxfi xidmət agenti müdafiə etməkdən məsul olduğu Tramp qolf oynayan zaman şübhəli şəxsə atəş açıb.