Vaxt.Az

«Qazprom»un «qarınağrısı»


 

«Avropalılar bu cür əməliyyatların qanuni olub-olmadığını dəfələrlə götür-qoy etməlidirlər»

«Qazprom»un «qarınağrısı» «Qazprom»un rəhbəri Aleksey Miller bildirib ki, Avropa İttifaqı (Aİ) dövlətlərindən Ukraynaya geriyə qaz axını qanunsuzdur. O, ölkənin Avropa yönümlü hökumətə kömək etmək üçün Brüssel planına qarşı çıxıb. Planın məqsədi Rusiyanın qaz qiymətlərini qaldırmaqla, iqtisadiyyata zərbə vurmaq strategiyası ilə mübarizə aparmaqdır. Bu barədə «EurActiv» xəbər verir.

Miller vurğulayıb ki, çox vaxt geriyə axın texniki cəhətdən mümkün olmur və istənilən halda qanunsuzdur. «Slovakiyadan Donetsk, Xarkov və ya Kiyevə geriyə axının texniki baxımdan mümkün olduğuna şübhə edirik» - Miller Rusiyanın NTV kanalına müsahibəsində bildirib.

Miller təkidlə deyib ki, boru eyni anda iki müxtəlif istiqamətə qaz axınını yerinə yetirə bilməz. Həmçinin Ukraynanın öz kəmərində «Qazprom» qazını idarə etmək hüququ yoxdur.

«Bizim terminallarımız Avropadadır. Əlbəttə, bunun qanuni baxımdan düzgün olub-olmadığını diqqətlə araşdıracağıq. Fikrimcə, bu məsələ dəqiq araşdırma tələb edir. Məsələn, mən hesab edirəm ki, Ukraynaya geriyə axın vasitəsilə qaz nəql etməyi planlaşdıran Avropa şirkətləri bu cür əməliyyatların qanuni olub-olmadığı barədə dəfələrlə götür-qoy etməlidirlər», - Miller vurğulayıb.

Qeyd edək ki, Ukrayna Polşa və Macarıstandan geriyə qaz axınlarını qəbul edir. Slovakiya ilə də oxşar sxem başa çatmaq üzrədir. Bu, əsasən rus qazı olsa da, hələ də Kiyevin ötən ilin sonuna qədər hər kubmetr üçün ödədiyi 400 dollarla müqayisə də daha ucuzdur.

Aprelin 5-də Ukrayna baş naziri bildirib ki, Ukrayna Slovakiya, Polşa və Macarıstandan geriyə axının ildə 20 milyard kubmetrini əldə edə bilər.

Keçmiş prezident Viktor Yanukoviç Aİ-Ukrayna Assosiasiya Müqaviləsindən imtina edərək Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinə qərar verəndən sonra «Qazprom» Ukrayna üçün təbii qazın qiymətini hər kubmetr üçün 268 dollara endirmişdi.

Lakin Yanukoviç qaçandan və yeni Avropa yönümlü hökumət qurulandan sonra «Qazprom» qiymətləri 80 faizə qədər qaldırdı və hər kubmetr üçün 485 dollara çatdırdı.

 

«Milyardlarla borc»

 

Bundan əlavə, Miller bildirib ki, Ukraynanın şirkətə 11,4 milyard dollar borcu var. Buna səbəb Moskvanın 2017-ci ildən sonra Sevastapolda Qara dəniz donanmasının yerləşdirilməsi üçün əvvəlcədən ödəniş etməsi idi.

Xatırladaq ki, ötən ay Rusiya Krıma müdaxilə edərək Ukraynanın ərazisi olan yarımadanı zəbt edib. Ona görə də Sevastapol limanı Moskva tərəfindən Rusiyanın ərazisi hesab edilir.

«Ukrayna Rusiyaya hər 1000 kubmetrə görə 100 dollar əskik ödəyirdi. Xarkov razılaşmasının imzalanmasından sonra bu güzəşt 11,4 milyard dollar təşkil edib», - o deyib.

Qeyd edək ki, Rusiya 2010-cu il, aprelin 30-da bağlanan Xarkov razılaşması ilə Sevastapol limanından öz donanmasını yerləşdirmək üçün istifadə etmək müqabilində Ukraynaya hər 1000 kubmetrə görə 100 dollarlıq güzəşti təmin etmişdi.

Millerin sözlərinə görə, artıq Xarkov razılaşması olmadığına görə «müqavilə etibarsız sayılır».

 





07.04.2014    çap et  çap et