Tayvanda yerləşən “Gold Apollo” şirkəti partladılmış peycerləri istehsal etmədiyini açıqlabı və marka lisenziyası verdiyi macar tərəfdaşı “BAC Consulting KFT”ni işarə edib.
Bakı vaxtilə saat 15.30-dan etibarən şirkətin sual işarələrinin artdığı internet səhifəsi əlçatmaz olub.
Baş ofisi Budapeştdə yerləşən şirkət 2022-ci ildə yaradılıb. Şirkətin baş meneceri və sahibi kimi ArKidiakono Kristiana Rozariya qeyd olunub. Rosariyanın “LinkedIn”dəki profilində deyilir ki, “BAC Consulting” biznesin inkişafı, idarəetmə məsləhətləri, strategiya və tərəfdaşlığın planlaşdırılması, liderliyin inkişafı, ətraf mühit üzrə məsləhət, siyasi məsləhət, ictimaiyyətlə əlaqələr və telekommunikasiya xidmətləri göstərir.
Rosariyanın profilində o da bildirilir ki, o, 3 ilə yaxın Avropa Komissiyasında qiymətləndirmə eksperti kimi çalışıb.
Livanın Səhiyyə Nazirliyi “Hizbullah” terror təşkilatı ünsürlərinin ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində 12 nəfərin öldüyü, təxminən 300-ü ağır olmaqla 4000 yaralı olduğu açıqlayıb. Livan rəsmiləri hadisəyə görə İsraili günahlandırsa da, rəsmi Tel-Əviv hələlik məsələ ilə bağlı açıqlama verməyib.
İsrail-Livan sərhədində 2023-cü il oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda son günlər gərginliyin artdığı müşahidə edilib.