Vaxt.Az

... 9 ABŞ şirkətinə sanksiya


 

Tayvana silah satışına görə...

... 9 ABŞ şirkətinə sanksiya Çin rəhbərliyi, suverenlik mübahisəsi olan Tayvana silah satışında vasitəçilik etdikləri səbəbiylə 9 ABŞ müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edəcəyini açıqladı.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien paytaxt Pekində keçirilən mətbuat konfransında ABŞ-ın Tayvana silah satışının “bir Çin” prinsipinə və iki ölkə arasındakı münasibətlərin əsasını təşkil edən Üç Birgə Bəyannaməyə zidd olduğunu vurğulayıb.

Satışların Çinin təhlükəsizliyini və suverenliyini təhdid etdiyini, Tayvan boğazında sülh və sabitliyə zərər verdiyini və Tayvanın müstəqilliyini müdafiə edən separatçılara yanlış mesaj verdiyini ifadə edən sözçüsü Lin, ABŞ-ın rəftarını qınadıqlarını və etiraz etdiklərini bildirdi.

Nazirlikdən verilən açıqlamada Amerikanın müdafiə sənayesi şirkətləri “Sierra Nevada Corporation”, “Stick Rudder Enterprises LLC”, “Cubic Corporation, S3 AeroDefense”, TCOM, “TextOre”, “Plantate Management Group”, “ACT1” Federal və “Exovera”ya qarşı sanksiyaların tətbiq ediləcəyi qeyd edilib.

Sanksiyalar çərçivəsində sözügedən şirkətlərin Çindəki aktivləri dondurulacaq və onların ölkədəki fiziki şəxslər və qurumlarla iş görməsi də qadağan ediləcək.

ABŞ Dövlət Departamenti sonuncu dəfə sentyabrın 17-də Tayvana aviasiya ilə bağlı məhsul və xidmətlər də daxil olmaqla 228 milyon dollarlıq hərbi satışa icazə verdiyini açıqlamışdı. Bu, ABŞ prezidenti Co Baydenin başçılıq etdiyi hökumətin Tayvana təsdiq etdiyi 16-cı hərbi satış idi.

***

Çin 2022-ci ilin sentyabrında “Boeing Defence” və “Raytheon” şirkətlərinin yüksək səviyyəli rəhbərləri “Ted Colbert” və “Greg Hayes”ə qarşı Tayvana 1,1 milyard dollarlıq silah satışında paya sahib olduqlarını əsas gətirərək sanksiyalar tətbiq etmək qərarına gəlib.

Pekin administrasiyası Vaşinqtonun 2023-cü ilin avqustunda Tayvana 500 milyon dollar dəyərində “F-16” infraqırmızı axtarış və izləmə sistemi və müvafiq avadanlıqların satışını təsdiqlədikdən sonra bu avadanlığın tədarükçüsü olan ABŞ müdafiə sənayesi şirkətləri “Lockheed Martin” və “Northrop Grumman”a qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) 2023-cü ilin dekabrında Tayvanın Komandanlıq, Nəzarət, Rabitə və Kompüter (C4) qabiliyyətini qorumaq üçün 300 milyon dollar dəyərində daimi təchizat və avadanlıq dəstəyi verəcəyini elan etdikdən sonra, “BAE Systems Land and Armament”. “Alliant Techsystems Operation”, “AeroVironment, ViaSat” və “Data Link Solutions” adlı 5 Amerika müdafiə sənayesi şirkətinə qarşı sanksiyalar tətbiq edilib.

Bundan əlavə, 2023-cü ilin may ayında “Boeing Defence”nin kosmik və təhlükəsizlik bölməsi ilə “General Atomics Aeronautical Systems və General Dynamics Land Systems” şirkətlərinin də eyni səbəblərdən “etibarsız qurum” siyahısına daxil edildiyi bildirilib. Sözügedən şirkətlərin Çinə daha çox sərmayə qoymasının qarşısı alınarkən, onların yüksək səviyyəli menecerlərinin Çinə girişi qadağan edilib.

Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan, Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bəri faktiki müstəqillik əldə edib. Vətəndaş müharibəsindən sonra Çin və Tayvan arasında yaranan ayrılıq hələ də davam edir. “Vahid Çin” prinsipini vurğulayan Pekin onu tanıyan ölkələrin Tayvanla rəsmi əlaqələr qurmasına və Tayvana silah satışına qarşıdır.

 





18.09.2024    çap et  çap et