Vaxt.Az

“Məqsədimiz muğamları müasir yanaşma ilə təbliğ etməkdir”


 

Səmərqənddən Qran-pri gətirmiş “Simurq” üzvlərinin təəssüratı

“Məqsədimiz muğamları müasir yanaşma ilə təbliğ etməkdir” Dahi Üzeyir Hacıbəyli XX əsr Azərbaycan musiqi mədəniyyətində yeni konsepsiyanın yaradıcılarından biridir. Həmin dövr həm milli, həm də dünyəvi musiqinin inkişafı, hətta qızıl çağı kimi xarakterizə olunur. Böyük musiqi xadiminin yorulmaz, fədakar fəaliyyəti sayəsində görkəmli bəstəkarlar yetişdi, musiqi təhsili şaxələndi. Bu gün musiqi mədəniyyətimizdə əldə olunan uğurlara görə Üzeyir bəy başda olmaqla görkəmli bəstəkar və pedaqoqlarımıza borcluyuq.

Musiqi sahəsinin inkişafı və təbliğində beynəlxalq müsabiqə və festivalların mühüm rolu var. Hər il ölkəmizdə dövlət dəstəyi ilə musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir. Eləcə də Azərbaycan musiqiçiləri beynəlxalq festival və müsabiqələrdə iştirak edərək musiqi mədəniyyətimizi təbliğ edirlər.

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında (26-30 avqust) ölkəmizi təmsil edən “Simurq” muğam ansamblı Qran-pri mükafatına layiq görülüb.

Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən nüfuzlu festivalda 80-ə yaxın ölkə arasında baş mükafatın əldə edilməsi musiqi mədəniyyətimiz adına fəxr olunası hadisədir.

Onu da qeyd edək ki, “Şərq təranələri” bu dəfə Azərbaycan üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Festivalın tarixində Azərbaycan ilk dəfə beynəlxalq münsiflər heyətinə sədrlik edib. Ölkəmizi jüri rəhbəri kimi Əməkdar artist Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə təmsil edib.

Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” ansamblı isə möhtəşəm ifası ilə Azərbaycana bu festivalda üçüncü dəfə qələbə qazandırıb.

Ansamblın bir neçə üzvü qalibiyyət təəssüratını bizimlə bölüşdü.

Musiqi qrupunun rəhbəri Elnur Mikayılov: “Dinamik ifamızla tamaşaçı və münsiflərin rəğbətini qazana bildik. Bu, həqiqətən də, qürurverici idi. Öz mədəniyyətimizi təmsil etməyimizin məsuliyyətini bilirdik. Hədəfimiz ən yüksək mükafatı almaq idi. Buna görə də detallı işlədik, gərgin məşqlərimiz oldu. Şükürlər olsun ki, yüksək nəticəyə nail olduq. Ən həyəcanlı an sonda nəticələrin açıqlanması idi. Mükafatlar sıralandıqca həyəcan və nigarançılığımız da artırdı. Bu, unudulmaz anlar idi. Azərbaycanımızın adının çəkilməsi bizi çox təsirləndirdi... Məqsədimiz milli muğamlarımızın kökünü saxlamaqla müasir yanaşma ilə onu təbliğ etməkdir və buna nail oluruq.

Daha öncə də qrupumuz bir neçə festivalda uğurla iştirak edib. Bu qələbə qrup şəklində ilk böyük uğurumuz oldu. İnanıram ki, gələcəkdə yeni nailiyyətlərimiz olacaq. Bu festivalda bizə dəstək olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkür edirik. Hazırda yeni layihələrə hazırlaşırıq. Yaxın vaxtlarda təqdim edəcəyik. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”.

Xanəndə Mirələm Mirələmov: “Şərq təranələri” bir tərəfdən qədim mədəniyyəti və ənənələri yaşadaraq onlara olan bağlılığımızı göstərmək baxımından əvəzolunmaz festivaldır. Digər tərəfdən, bu festivalda uğur qazanmaq yaradıcılıq bacarıqlarımızı təsdiqləyərək beynəlxalq səviyyədə tanınmaq deməkdir. Bu qalibiyyət həm də Səmərqənd kimi tarixi əhəmiyyətə malik bir şəhərdə mədəniyyətimizi, milli musiqimizi layiqincə təmsil etdiyimizi göstərir.

Festivalın Qran-prisini qazanmağımız Azərbaycanın musiqi mədəniyyətinin beynəlxalq arenada tanınmasına ciddi töhfədir. Yerli media və mədəniyyət dairələri bu qalibiyyətə geniş diqqət ayırdı, ölkəmizin musiqiçilərinin dünya səhnəsindəki uğurlarını qeyd etdilər”.

Nağara ifaçısı Kamran Kərimov: “Mən bu festivalda ilk dəfə 2009-cu ildə iştirak etmişəm. Bu, “Şərq təranələri”ndə artıq beşinci iştirakım idi. Həmin il xanəndə, Əməkdar artist Qoçaq Əsgərovla çıxışımızda birinci yeri qazandıq. Daha sonra 2011-ci ildə Xalq artisti Nəzakət Teymurova ilə çıxış etdik və yer almasaq da, UNESCO-nun “Şərqin ən gözəl səsi” mükafatına layiq görüldük. 2015-ci ildə Əməkdar artist Təyyar Bayramovla çıxış etdik və bu dəfə də “Fərqli ifaya görə” qrupumuza mükafat verildi. 2017-ci ildə Əməkdar artist Sahib Paşazadə mənə təklif etdi ki, festivala instrumental ifa ilə ikimiz qatılaq. Məmnuniyyətlə razılaşdım. Bu da bir gözəl iş oldu ki, festivalın tarixində ilk dəfə instrumental çıxış oldu və bu çıxış Qran-pri mükafatına layiq görüldü. Bu, Azərbaycan muğam sənətində instrumental ifaçılıq üçün böyük uğur idi. Çox şadam ki, bu uğurda mənim də payım var.

Bu il isə “Simurq” muğam qrupundan təklif aldım. Az vaxt ərzində səmərəli məşqlərimiz oldu. Şükürlər olsun ki, bu dəfə də böyük uğur qazandıq. Bu artıq “Şərq təranələri”ndə qalibiyyət sevincini yaşadığım ikinci Qran-pri mükafatıdır. Dünyanın bir çox ölkələrində festivallarda olmuşam. Özbəkistanla qardaşlıq münasibətlərimiz, yaxın mədəniyyətlərimiz bizi bir-birimizə doğmalaşdırır. Sonda isə onu demək istərdim ki, yeddi ildən sonra birgə səhnəni bölüşdüyüm musiqiçi həmkarım, Əməkdar artist Sahib Paşazadəni münsiflər heyətinin rəhbəri kimi görmək həm Azərbaycanımız, həm də bir musiqiçi olaraq mənim üçün böyük fəxr idi”.

“Simurq” qrupunun üzvlərinə yeni yaradıcılıq uğurları arzulayırıq.

 





20.09.2024    çap et  çap et