İki-üç il əvvəl çox hörmətli professorlardan biri sənin haqqında danışanda dedi ki: “Məmməd Xalqdan ayrılandan sonra...” Ardınca nə deyəcəyini gözləmədən və onun tituluna məhəl qoymadan sözünü kəsdim: "Xalqdan yox, “Xalq qəzeti”ndən!” Məmməd müəllim indi də xalqın arasındadır, gələcəkdə də elə olacaq. O, xalqdan ayrıla bilməz!”. Professor dərhal düzəliş etmək istədi: “Mən də elə onu deyirəm da...”
Sən “Xalq qəzeti”ndən ayrılandan sonra Dədə Qorqud dastanında deyildiyi kimi, başımız çox müsibətlər çəkdi.
Hər halda 2008-ci ilin qara iyulundan sonra sənin haqqında bəlkə də 15-20 dəfə nə isə yazmışam. Çox təəssüf ki, 65 yaşına heç nə yaza bilmirəm. Deyəsən, Mirzəbəyli qocalır.
Yaxşı ki, sənin 60 yaşında “525-ci qəzet”də bir yazı vermişdim. Allah Rəşad Məcidə də, Yusif Rzayevə də kömək olsun! İndi həmin yazının bir hissəsini təkrar paylaşıram. Təbi ki, bu da plagiatçılıq deyil.
Bir ağ bulud kimi – zərif, ziyansız – Məmməd Nazimoğlu-60.
Yetmişinci illərin əvvəlləri idi. Onda hələ rayonda yaşayırdım. Atamla təsərrüfat işlərindən qayıdırdıq.
Tarladan evə çatana qədər beş-altı nəfərlə salamlaşdıq və görüşdüyümüz adamların bəziləri atamla söhbət etdilər. Eşitdiklərimin bir neçəsi ürəyimcə olmadı. Rastlaşdığımız adamların hamısı ya qohumlarımız, ya da qonşularımız idi. Amma çox fərqli düşüncələri var idi. Bu təəssüratımı atama bildirəndə dedi: - İnsanlar da bulud kimidir. Buludların biri narın yağış yağdırıb təbiəti sevindirir, birindən dolu yağıb yerdə şitilləri, ağacda meyvələri, quş yuvalarında körpə balaları məhv edir, biri leysan yağdırıb sel-daşqın törədir, biri də ağ bulud olur – eləcə ziyansız, xətərsiz, gözəl görünür.
Uşaqlar gördüklərinin, eşitdiklərinin hamısını yaddaşında saxlayırlar. Atamın həmin sözləri də beynimə yazıldı. Hər dəfə hansısa yaxşı adamla rastlaşanda və ya kimdənsə pislik görəndə dərhal bulud məsələsi yadıma düşür. Məmməd Nazimoğlu həmin buludların ən ağı, ən safı, ən ziyansızı və ən gözəli idi. Onun dolu yağdırdığını da görən olmadı, daşqın yaratdığını da, zığ-palçıq törətdiyini də. Və tam qətiyyətlə deyə bilərəm ki, bütün bunlar onun hünəri deyildi. Ona Allah çoxsaylı qabiliyyətlər vermişdi. Onu Allah sevmişdi və seçmişdi. Bəlkə elə ona görə də ulu dərgaha hamımızdan tez getdi.
İnanmaq olmur. O boyda yaradıcı insanın sadədən də sadə, adidən də adi bir tərcümeyi-halı var... 1959-cu ilin sentyabrında Ağdaş rayonunun Qobuüstü kəndində doğulmuşdu. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, Azərbaycanın ilk müstəqil nəşrlərindən olan “Aydınlıq” qəzetinin yaradıcılarından biri olmuşdu. “Xalq qəzeti”nin baş redaktor müavini, “Ulus” qəzetinin baş redaktoru, “Avropa”, “Yeni Müsavat”, “Azadlıq”, “Şans”, “525-ci qəzet” qəzetlərinin yazarı, ANS telekanalında efirə gedən "Qulp" verilişinin müəlliflərindən biri, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olmuşdu.
Bu tərcümeyi-halda xüsusilə qabardılmalı iki məqam var. Birinci məqam o idi ki, Məmməd üçün iqtidar-müxalifət ifadələri demək olar ki, heç bir əhəmiyyət kəsb etmirdi. Elə çalışdığı mətbuat vasitələrinin adı da həmin həqiqətdən xəbər verirdi. O, iqtidarın da səhvlərini göstərirdi, müxalifətin də. O, iqtidarın uğurlarını qiymətləndirməyi bacardığı kimi, müxalifətin də az-çox nailiyyəti olduğunu söyləyəndə ədalətli idi. O, əsl vətəndaş mövqeyini ortaya qoyur, təkcə jurnalist kimi deyil, həm də xalqın mənafeyini qoruyan ziyalı kimi danışmağı, yazmağı bacarırdı. Onu iqtidar mənsublarının da hamısı sevə-sevə oxuyurdu, müxalifət təmsilçiləri də.
Yadımdadır, Məmmədin vəfatından sonra haqqında foto-albom, eləcə də İlham Abbasovun tərtibi və redaktəsi ilə “Mənim bir dostum vardı” adlı xatirə kitabı nəşr olunmuşdu. Həmin kitabın təqdimatında həm iqtidaryönlü, həm də müxalifət mətbuatını təmsil edən jurnalistlər ürək sözlərini elə səmimiyyətlə dedilər ki, mən beş-altı il Məmməd Nazimoğlu ilə eyni kollektivdə işlədiyimə və “yerli” olduğumuza görə fəxr etdim. Xatırladım ki, o, heç zaman məni öz adımla çağırmır, həmişə “əziz həmyerlim” – deyə, müraciət edirdi. Hərçənd, mən Bakıya Ağdaşdan deyil, Qəbələdən gəlmişəm.
Yeri gəlmişkən, o tədbirdə mənə də söz vermişdilər. Həmin günlərdə ölkə televiziyalarında "Bizi birləşdirən dəyər" adlı reklam gedirdi. Televiziyalardakı həmkarlarımız həmin dəyərin nədən ibarət olduğunu deməsələr də, reklam iki-üç ay davam etdi. Mən öz çıxışımda həmin reklamı yada salaraq dedim ki, bizi – Azərbaycan jurnalistlərini birləşdirən dəyər məhz Məmməd Nazimoğludur. Çünki həm iqtidar mətbuatındakı, həm də müxalifət qəzetlərindəki bütün qələm sahibləri Məmməd Nazimoğluna öz qardaşı, doğması kimi baxırdı. Bu uğuru hər jurnalist bacara bilməz və bacarmadı.
Məmmədin tərcümeyi-halından qabartmaq istədiyim ikinci məqam isə onun tutduğu vəzifələr və həmin vəzifələrin fonunda nümayiş etdirdiyi sadəlik, səmimiyyət idi. O, qəzet redaktoru da olmuşdu, “Xalq qəzeti” kimi mötəbər mətbuat vasitəsində baş redaktorun birinci müavini də, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru da. Amma həmin vəzifələrin heç biri Məmməd Nazimoğlunu bir misqal belə dəyişə bilməmişdi. Hamımızdan yaxşı jurnalist olduğu ilə fəxr etmədiyi kimi, adı çəkilən vəzifələri daşımasını da qətiyyən üstünlük, kmdənsə qabaqda olmaq kimi qəbul etmirdi. Bu isə şəxsiyyətin daxili təmizliyindən, mənəvi saflığından qaynaqlanan keyfiyyətlər idi.
Bu məqamda günümüzün bir reallığından da söz açaq. Üç il qabaq yaradılmış hansısa saytın baş redaktorunun forsu, hikkəsi ətrafımızda qasırğa kimi əsir. Onda dərhal Məmmədə rəhmət oxuyuram”.
Ad günün mübarək, gözəl insan, böyük jurnalist!