İsrail ordusu “Hizbullah” mövqelərinə genişmiqyaslı hava zərbələri endirdikdən bir gün sonra, dünən gecə Livanın cənubundakı onlarla terrorçu hədəfini vurub.
Ordudan verilən açıqlamada deyilir: “İsrail Hərbi Hava Qüvvələri gecə boyu Livanın cənubundakı müxtəlif bölgələrdə onlarla “Hizbullah” hədəfini vurub”.
Bundan əlavə, artilleriya bölmələri və tanklar Ayta əş-Şaab və əl-Ramiyə bölgələrindəki “terror nöqtələrini” məhv edib.
Hücumların böyük itkilərə səbəb olduğu Livanda son illərin ən ölümcül günü yaşanıb.
Təxminən bir ildir ki, Qəzza zolağında cənub sərhədində “HƏMAS” terror təşkilatınaa qarşı vuruşan İsrail, “Hizbullah”ın terrorçu həmkarlarına dəstək olaraq İsrailə raket zərbələri endirdiyi şimal sərhədinə yönəlib.
İsrail ordusu hava hücumu ilə “Hizbullah”ın hücrəsini vurduğunu, artilleriya və tankların isə terror təşkilatının cənubdakı digər hədəflərini vurduğunu bildirib.
Livan rəsmiləri dünən İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində təxminən 500 nəfərin öldüyünü, on minlərlə insanın evlərini tərk etdiyini bildirib.
İsrail livanlılardan “Hizbullah”ın silah saxladığını bildirdiyi əraziləri boşaltmağı xahiş edib.
Cənubi Livandan olan ailələr qoca-kiçik ailə üzvlərini və əşyalarını avtomobillərə, yük maşınlarına və mikroavtobuslara yükləyiblər. Ölkənin şimalına gedən magistrallar məcburi köçkünlərlə dolub.
Milli Fəlakət və Böhranlara Qarşı Mübarizə Komitəsinin koordinatoru Nasser Yasin “Reuters”ə bildirib ki, qaçan mülki şəxslər üçün məktəblərdə və digər obyektlərdə 26 mindən çox insanın yerləşə biləcəyi 89 müvəqqəti sığınacaq yaradılıb.