Vaxt.Az

“Yenidən cəhd edəcəklər”


 

Tramp: “İrandan böyük təhdidlər alıram”

“Yenidən cəhd edəcəklər” İki sui-qəsd cəhdindən sağ çıxan ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp İrandan həyatına qarşı “böyük təhdidlər” aldığını bəyan edərək, “Bütün ABŞ ordusu izləyir və gözləyir. İran daha əvvəl də bəzi addımlar atdı, amma işə yaramadı, yenidən cəhd edəcəklər”, – deyib.

Tramp bu barədə sosial media platforması olan “Truth Social” hesabında açıqlama verib.

Tramp “əvvəl görmədiyi kimi” silahlı insanların əhatəsində olduğunu bildirib və ABŞ Məxfi Xidməti üçün əlavə büdcəni yekdilliklə təsdiqlədiyi üçün ABŞ Konqresinə təşəkkür edib.

***

Sentyabrın 15-i axşam saatlarında Trampın Florida ştatında olduğu yerin yaxınlığında atəş səsləri eşidilib və sonra onun sağ-salamat olduğu bildirilib.

Trampın böyük oğlu kiçik Donald Tramp “X” hesabında yerli hüquq-mühafizə orqanlarının hadisədən sonra sahədəki kolluqlarda “AK-47” silahı tapdığını və şübhəlinin tutulduğunu açıqlayıb.

Bildirilib ki, Məxfi xidmət agenti müdafiə etməkdən məsul olduğu Tramp qolf oynayan zaman şübhəli şəxsə atəş açıb.

Tramp tərəfdarlarına ünvanladığı elektron məktubda “heç vaxt təslim olmayacağını” vurğulayaraq, “Ətrafımda silah səsləri eşidildi, lakin söz-söhbətlər nəzarətdən çıxmazdan əvvəl bunları demək istəyirəm: Mən yaxşıyam və təhlükəsizəm”, – deyib.

FTB hadisəni “çox ciddi” adlandırıb.

Keçmiş prezident Tramp iyulun 13-də Pensilvaniya ştatında keçirdiyi mitinqdə sui-qəsd cəhdindən qulağından aldığı xəsarətlə sağ çıxıb.

 





25.09.2024    çap et  çap et