Vaxt.Az

Rusiyanın hərbi sirləri təhlükədədir


 

“Telegram” sahibi istifadəçi məlumatlarını təhvil verməyə razılaşıb

Rusiyanın hərbi sirləri təhlükədədir Britaniyanın “The Teleqraph” qəzeti bu qərarın Rusiyanın hərbi sirlərini riskə atdığını və Qərbin “Telegram”a sızma potensialını gündəmə gətirdiyini qiymətləndirib.

Onlayn mesajlaşma platforması “Telegram”, istifadəçilərinin internet IP ünvanları və telefon nömrələri daxil olmaqla məlumatları “əsaslı qanuni tələblərlə” səlahiyyətli orqanlara təhvil verəcəyini açıqladı.

“Telegram”ın təsisçisi və baş direktoru Pavel Durov Fransada həbs olunduqdan sonra verdiyi açıqlamada bu qərarın cinayətkarları ruhdan salmalı olduğunu bildirib.

“Biz pis niyyətli insanların demək olar ki, bir milyard istifadəçi üçün platformamızın bütövlüyünü təhlükəyə atmasına icazə verməyəcəyik”, – deyən Durov, çox kiçik istifadəçi bazasının qeyri-qanuni platformanın imicinə pis təsir etdiyini və onun istifadəçilərinin maraqlarını riskə atdığını bildirib.

Rusiya, Fransa və Birləşmiş Ərəb Əmirlikləri pasportlarına sahib olan 39 yaşlı milyarder Durov əlavə edib ki, mesajlaşma platforması “problemli məzmunu” silib.

***

2013-cü ildə qurulan “Telegram” özəl ünsiyyət və senzurasız xəbərlər mənbəyi kimi Rusiya, Ukrayna və Yaxın Şərqdə böyük populyarlıq qazanıb. Tətbiq rus və ukraynalı müharibə təbliğatçıları tərəfindən geniş şəkildə istifadə edilsə də, rus ordusunun döyüş meydanında rabitəsi üçün də xüsusilə üstünlük təşkil edirdi. Lakin bu həftə Ukrayna hökumət tərəfindən verilən cihazlarda “Telegram”ı qadağan edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (RNBO) bu qadağa qərarını Rusiyanın mesajlar silindikdən sonra belə onları ələ keçirə bilməsi kimi təhdidləri minimuma endirmək üçün qəbul etdiyini açıqlayıb. RNBO-nun verdiyi açıqlamada deyilir: ““Telegram” düşmən tərəfindən kiberhücumlar, fişinq və zərərli proqramların yayılması, istifadəçi geolokasiyası və raket hücumunun korreksiyası üçün fəal şəkildə istifadə olunur”.

“The Telegraph”ın “Telegram istifadəçi məlumatlarını təhvil verməyə razılaşdıqdan sonra Rusiya hərbi sirləri risk altındadır” başlıqlı xəbərə görə, Rusiyanın tətbiqin şifrəli rabitəsində imtiyazı ola biləcəyi və Qərbin Durova eyni imtiyaz verməsi üçün təzyiq göstərdiyi iddiaları var mövcuddur.

Mühacirətdə olan rusiyalı jurnalist Andrey Soldatov Rusiyada 2018-ci ildə qadağan edilmiş “Telegram”ın 2020-ci ildə yenidən açılmasının Durovun Rusiyaya verdiyi şifrəli rabitə imtiyazı ilə bağlı olduğunu iddia edib.

Böyük Britaniyanın Moskvadakı keçmiş müdafiə attaşesi Con Forman bildirib ki, üç qrup Rusiya rəsmisi Durovun həbsindən hiddətlənib. Foreman bildirib ki, Rusiya rəsmilərinin qəzəblənməsinə səbəb Qərbin “Telegram”a sızaraq hərbi sirlərə daxil ola biləcəyindən narahat olmalarıdır.

***

Durov avqustun 24-də şəxsi təyyarəsi ilə Paris xaricindəki Le Burje hava limanına gələrkən həbs edilib. Fransa prokurorları Durovu platformada cinayət fəaliyyətinə şərait yaratmaqda ittiham ediblər. Ona qarşı irəli sürülən ittihamlar arasında uşaqlara qarşı zorakılıq şəkillərinin yayılması, narkotiklərin qanunsuz dövriyyəsində iştirak və hüquq-mühafizə orqanlarına tabe olmamaq daxildir. Durov ittihamları rədd edərək bildirib ki, platformada üçüncü şəxslərin törətdiyi cinayətlərə görə özünü məsuliyyətə cəlb etmək “təəccüblü” və “səhvdir”.

Prokurorların tələblərinə boyun əyən Durov sentyabrın 6-da istifadəçilərə “botlar və fırıldaqçılar” əvəzinə “qanuni bizneslər” təqdim etmək üçün “Telegram”ın “yaxın insanlar” funksiyasını dəyişəcəyini açıqlayıb.

 





25.09.2024    çap et  çap et