Vaxt.Az

Partlayan peycerlərlə bağlı araşdırma


 

Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib

Partlayan peycerlərlə bağlı araşdırma Livanda sentyabrın 17-də peycerlər, sentyabrın 18-də isə radiostansiyalar partladılıb. Norveç hadisədə rol oynadığı iddia edilən şəxsi beynəlxalq axtarışa verib.

Norveç Milli Cinayət Axtarış Xidmətindən Aste Dahle Sundet məsələ ilə bağlı “Associated Press” (AP) xəbər agentliyinə açıqlama verib.

Sundet qeyd edib ki, Livanda minlərlə peycerin necə partladıldığı ilə bağlı araşdırma çərçivəsində Norveçdə yerləşən bir şirkətin əməkdaşı üçün beynəlxalq axtarış elan edilib.

Axtarış qərarı çıxarılan şəxsin adı və milliyyəti barədə məlumat paylaşılmayıb.

Digər tərəfdən Norveç xəbər agentliyi NTB sözügedən şəxsin 12 il əvvəl başqa ölkədən Norveçə gələn və hazırda Norveç pasportu daşıyan 39 yaşlı bir kişi olduğunu qeyd edib.

NTB-nin məlumatına görə, axtarışda olan şəxsin Livanda partlayan peycerləri təchiz etdiyi güman edilən Bolqarıstan şirkətinin qurucularından biri olduğu ehtimal olunur. Ötən həftədən xəbər alınmayan şəxsin ABŞ-a qaçdığı ehtimal edilir.

***

Sentyabrın 17-də Livanda “Hizbullah” terror təşkilatı ünsürlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar baş verib. Partlayışlarda 12 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Sentyabrın 18-də ölkədə çoxsaylı radiostansiyaların partlaması nəticəsində 25 nəfər ölüb, 608-dən çox insan yaralanıb.

Livan rəsmiləri hadisəyə görə İsraili məsuliyyət daşısa da, İsraildən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

8 oktyabr 2023-cü il tarixindən etibarən İsrail-Livan sərhədində tərəflər arasında zaman-zaman şiddətlənən qarşıdurmalar yaşanır.

 





26.09.2024    çap et  çap et