Vaxt.Az

Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...


 

... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar

Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ... ABŞ administrasiyası Rusiya lideri Putinin ölkəsinin nüvə silahı doktrinasını dəyişmək təhdidinə cavab olaraq, Qərbin Ukraynaya yardımını nəzərdə tutaraq, Ukraynaya yeni silah yardımı elan edib.

Vaşinqton administrasiyası Ukrayna müharibəsi başlayandan bəri vaxtaşırı nüvə kartını nümayiş etdirən və Qərbə “Ukraynaya dəstəyi dayandırın” mesajı verən Rusiya prezidenti Vladimir Putinin ötən gecə verdiyi oxşar bəyanata Kiyevə 8 milyard dollar dəyərində yeni silahlarla cavab verib. Daha əvvəl Rusiyaya qarşı “ekzistensial təhlükə” yaranarsa, nüvə silahına əl atacaqlarını bildirən Putin, bu dəfə nüvə silahından istifadənin səbəbi kimi Rusiya ərazisinin ağır bombardmanını saydı.

***

ABŞ prezidenti Co Bayden və Ukrayna lideri Vladimir Zelenski arasında görüşdən 24 saat əvvəl Rusiya lideri Rusiyanın nüvə silahı doktrinasında dəyişiklik ediləcəyinə işarə edərək, “Bizə qarşı çıxan hər kəsi nüvə silahı ilə vuracağıq” deyə hədələyib. Çərşənbə günü (sentyabrın 25-də) axşam saatlarında Rusiya Təhlükəsizlik Şurasını toplayan Putin, “Rusiyanın təhlükəsizliyini təhdid edən xarici ölkənin nüvə silahı olmasa belə (Ukraynanı nəzərdə tutur), onun arxasında nüvə gücü dayanarsa, biz bu dağıdıcı silahı ona qarşı istifadə edə bilərik”.

***

“Rusiya nüvə doktrinasının dəyişməsi ilə xarici hərbi ittifaqlara nüvə silahı ilə cavab verəcək” sözləri ilə NATO-nu da qorxudan Putin yeni doktrina ilə nüvə silahına əl atması şərtlərini – Rusiya ərazisinə kütləvi raket hücumu həyata keçirmək, pilotsuz uçuş aparatları ilə və ya təyyarələrlə hücum etmək kimi sıraladı. Putin həmçinin bu doktrinada onun ən böyük müttəfiqlərindən biri olan Belarusa qarşı mümkün hücumların da yer alacağını bildirib və Belarus lideri Aleksandr Lukaşenkonu məsələ ilə bağlı məlumatlandırdığını bildirib.

***

Qərb müttəfiqlərinin Rusiya daxilində Ukraynaya verilmiş uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə etdiyi bir vaxtda Putindən gələn nüvə təhlükəsi narahatlıq yaradıb. Bildirilir ki, Rusiya liderinin uçuş məsafəsi məhdudiyyətlərinin götürülməməsi üçün verdiyi bəyanatlar qismən təsirli olub. Avropa Birliyi (AB) tərəfindən Ukraynaya verilən silahlarla bağlı son açıqlamada “AB administrasiyası Ukraynaya verilən silahların Rusiya ərazisində istifadəsi ilə bağlı birliyin adından qərar verə bilməz və bu seçimdə qərar hüququ ölkələrin öhdəsinə buraxılmalıdır” deyilir.

***

Qərb liderləri arasında Putinin nüvə təhlükəsinə ən sərt cavab ABŞ prezidenti Co Baydendən gəlib. Putinin nüvə bəyanatından təxminən 12 saat sonra Ağ Ev Ukraynaya 8 milyard dollarlıq yeni silah yardımı paketini açıqlayıb. Yeni paketə 500 km mənzilli ATACMS raketləri daxil edilmədiyi halda, təyyarələrdən atılan yüksək dağıdıcı gücə malik 130 km mənzilli “AGM-154 JSOW” kaset bombaları yer alıb. Ukrayna yeni qanadlı bombaları ilə Donetsk, Luqansk, Xarkov və Zaparojye cəbhələrində irəliləyən rus qoşunlarını uzaqdan məhv etmək imkanı əldə edəcək. Co Baydenin Zelenski ilə dünənki ikitərəfli zirvə görüşündən əvvəl yeni silah paketini açıqlaması Putinlə hesablaşma kimi şərh edilsə də, ABŞ-ın raket məsafəsi məhdudiyyətini saxlayacağı gözlənilir.

 





27.09.2024    çap et  çap et