Haiti Keçid Şurasının prezidenti Edqard Leblan Fils Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında tribunadan həmkarlarına müraciət edib.
Fils çıxışında ölkəsindəki zorakılıqlara, həmçinin ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Trampın Haitili mühacirlərin “ev heyvanları” yediyinə dair iddialarına toxunub.
Haiti Keçid Şurasının sədrinin çıxışı zamanı həyəcanlanaraq stəkan əvəzinə suyu birbaşa küpdən içməsi sosial şəbəkələrdə gündəmə gəlib. Fils nitqini dayandırmadan tələsik küpü dodaqlarına yaxınlaşdıraraq içdiyi suyun bir hissəsini öz üzərinə töküb.
***
Haiti Keçid Şurasının sədri Fils sentyabrın 10-da ABŞ prezidentliyinə namizəd Trampın Kamala Harrislə canlı debatı zamanı “Ohayo ştatında haitili mühacirlərin it və pişik yediyi” iddialarına toxunub.
Fils çıxışında “Haitili mühacirlərin pişik və it yediyinə dair əsassız iddiaları” qınadığını qeyd edib və bu iddiaların nəticələri ilə bağlı narahatlığını dilə gətirib.
“Ölkəmizdən olan mühacirlərə, xüsusən də Ohayo ştatının Springfild şəhərində yaşayanlara həmrəylik nümayiş etdirən bütün Haiti dostlarına qardaşlıq salamlarımı çatdırmaq istəyirəm”, – deyə Fils bildirib.
Fils ABŞ-Haiti münasibətlərinin tarixinə toxunaraq, “ABŞ kimi dünyanın hər yerindən gələn mühacirlərdən ibarət olan, dünyaya demokratiya nümunəsinə çevrilən bir ölkədə seçki kampaniyaları zamanı təbii olaraq yaranan emosiyalar heç vaxt ksenofobiya və ya irqçilik üçün bəhanə olmamalıdır”.
***
Dəstə zorakılığının və intensiv etirazların baş verdiyi Haitidə Keçid Şurası apreldə baş nazir Ariel Henrinin istefasından sonra yaranıb. Fils 2026-cı ilin fevralında yeni baş nazir seçilənə qədər vəzifəsində qalması planlaşdırılan Keçid Şurasının sədri vəzifəsini icra edir.