Vaxt.Az

«250 km/saatlıq hoqqa»


 

Aeroport yolunda qudurğanlıq - «Bir, iki, üç» (Video)

«250 km/saatlıq hoqqa» «Facebook» sosial şəbəkəsinin Azərbaycan seqmentində üç azərbaycanlı gəncin aeroport şosesindəki yarışması geniş müzakirə olunur.

Videodan aydın görünür ki, sürətə görə bəhsə girənlərin maşınları Nissan GTR R35 AMS700 ALPHA, Corvette Z06 Tuned və Cadilac CTS-V Hennessey-dir.

Maşınlardan birinin spidometri göstərir ki, avtomobillər saatda 250 km sürətlə hərəkət edirlər. Bu da kobud qayda pozuntusudur. Amma nə bu, nə də yoldakı radarlar bu ekstrim həvəskarları üçün narahatlıq yaratmır.

Virtualaz.org bildirir ki, day.az saytı məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. 

«Mən bu videonu görməmişəm. Ancaq deyə bilərəm ki, aeroport şosesində icazə verilən maksimal sürət həddi 120 km/saatdır. Əgər sürücülərdən hansısa sürət həddini aşırsa, sözsüz ki, yol hərəkəti qaydalarının pozulmasıdır. Əgər maşınların nömrələri görünürsə, sürücülərə qarşı müvafiq tədbirlər görüləcək», - V.Əsədov bildirib.

Respublika Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, aeroport yolunda avtomatik rejimdə işləyən radarlar quraşdırılıb.

«Yollarda hətta radarların olduğu barədə nişan da var. Sürət həddi aşıldıqda, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar» - o qeyd edib.