Ən real nümunə elə Azərbaycan xalqıdır. Birinci Qarabağ müharibəsindən sonra qüruru zədələnmiş, qorxaq damğası alnına vurulmuş, bir ovuc erməni ilə baş edə bilməyən bir xalq var idi. 2016-cı ilin aprel döyüşlərini xatırlayıram. İnsanların beyninə Xocalı soyqırımı elə axmaqcasına yeridilmişdi ki, insanlar topa-topa yığışıb söhbət edəndə yenidən Xocalının yaşanacağından qorxurdu. Aprel döyüşlərinin nəticəsi insanların içərisində bir inam, bir qığılcım yaratdı. Aprel döyüşlərinin önəmini hələ də dərk edə bilmirik. Müharibəni düşünəndə “yaxşı ki oldu” dediyim şeylərin başına aprel döyüşlərini yazıram.
Müharibə ya zəlzələdən, ya vəlvələdən oldu. Əsas olan o idi ki, müharibə gəlirdi. Ağlı başında olan, prosesləri izləyən, heç informasiyası olmayanlar belə, sentyabrda müharibənin olacağını görə bilirdi. Çünki iki tərəf də sözün əsl mənasında ölüm-dirim savaşına hazırlaşırdı.
Uzun illər sığınacaqlar tikilməlidir, yazırdıq, ancaq bir gün ayıldıq ki, hər həyətdə sığınacaq qazılır, özü də məcburi. Yerli məmurlar bunu o qədər plansız, proqramsız edirdilər ki, min cür söz-söhbət çıxırdı.
Sentyabrın 26-ı günortadan sonra rüqzaqımı tam hazır edəndən sonra qərara gəlirəm ki, rayona gedim. Hərbi bloqer Tofiq Şahmuradova zəng edirəm. Salamsız-kəlamsız, “Hardasan?” sualını verirəm. Ardınca da, “rayona çıxıram, gedəcəksənsə, birgə gedək”, təklifi edirəm. Tofiq qızının ad günü məclisini yarımçıq qoyub gəlir, yola çıxırıq.
Müharibə ölüm-itimdir. Müharibəyə gedən adam gözünün önünə hər şeyi almalıdır. Ona görə də, yol boyu tanıdığım bütün zabitlərlə zəngləşirəm. Bu, sadəcə, bəlkə bir də danışa bilməyəcəyimiz üçün edilən zənglər idi. Həqiqətən də bir neçəsi ilə son danışığımız oldu. Ayın 27-si zəng etdiyim zabitlərdən bir neçəsi şəhid olmuşdu.
Psixoloji cəhətdən o qədər özümü hazır hiss edirdim ki, ən yaxın adamlarımı belə itirsəm, elə bilirdim, təsir etməyəcək. Ancaq qucağında kimsə can verəndə, kiminsə parçalanmış bədənini görəndə özünü daş hesab etsən də, baxırsan, çökmüsən artıq. Tərtərdə şəhidi dəfn edib, evlərinə qayıdanda nişanlısının özünü öldürdüyünü görəndə, insanlıqdan çıxırsan. Hər şey məhv olur, ən ülvi şeylər belə, gözündə sıfırlanır və bir də baxırsan ki, soyuqqanlı olmaq istəyirdin, buz baltasına çevrilirsən.
Müharibənin ilk günü aksion filmi kimi idi. Havada qırıcılar, helikopterlər, dronlar, “kukuruzniklər”, ətrafında toplar, raketlər dayanmır, dayanmaq bilmir. Uzun illər avtomat səsinə öyrəşən əhali üçün, təsəvvür edin, bu, nə demək idi.
Müharibənin ağırlığı yaralı və şəhid daşıyan maşınların siqnallarından sonra insanlara çatdı. İlk iki-üç gün əhali üçün xaotik keçdi. Bir tək planlı, proqramlı ordu görünürdü. İlk üç gün sonra artıq səflər da seçildi. Kimlər cəbhədə qalacaq, kimlər gedəcək, məlum oldu. Dəqiq yadımdadır, bəyanat imzalanan gecənin səhəri səngərdən gəlmişdim, Quzanlıya. İlahi, əvvəl adam üzünə həsrət qaldığımız küçələr qaynayırdı, maşına siqnal verən kim, at çapan kim. Müharibə vaxtı evini tərk etməyən bir nəfər yaxınlaşıb dedi, biz moddan düşdük, meydan bunlarındır. Həqiqətən də elə oldu.
Pafos ustaları, populizm sevdalıları vətən, millət, bayraq deyib ortaqlıqda meydan sulayır. Şəhidlərə Vətən üçün, bayraq üçün getdi, deyirlər. Bəlkə də müharibəyə hazırlıq mərhələsində vətən, millət, dövlət, bayraq ön plana çıxarıla bilər. Ancaq müharibə vaxtı vətən, millət, bayraq göz önünə gəlir? Qətiyyən! Ata, ana, ailə, uşaq düşünrsən? Boş söhbətdir! Müharibə vaxtı qisas, prinsiplər, qürur və kişilik ön plana çıxır. Ailə, uşaq isə ölüm ayağında göz qabağına gəlir. Ağır döyüşlərin birində bir neçə metr aralıdakı əsgər qəlpə yarası alır, yerdə çabalayırdı. Qaçıb, təhlükəsiz yerə sürüməyə çalışırıq. Biz onun həyatını xilas etməyi düşünürük, o isə qışqırır ki, niyə yaralandım, axı iki gün sonra əməliyyata gedəcəkdik. Qan aparan adam nə bayraqdan danışırdı, nə millətdən. Əməliyyatda silahdaşlarını tək qoyacağının dərdinə düşmüşdü. Şəxsən özüm iki dəfə yaralandım. Heç birini qeydiyyata aldırmadım ki, ayıbdır, özümdən xəbər yazdıracam? Bəs prinsiplər?
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil. İnsanlar hər şeylərindən keçirdilər ki, qalib gəlinsin, başları ucalsın, dilləri uzansın. Ordu da, xalq da, dövlət də bu müharibədən üzüağ çıxdı. Xaricilər qabardılıb ön plana çıxarılsa da, onlara böyük hədiyyələr verilsə də, Azərbaycan mediası da üzüağ çıxdı. Misal üçün Murovda bir xarici jurnalist görmədim, Tərtərin o ağır yerlərində də görmədim, səngərlədə heç görmədim, Haramıda da yox idilər, ümumiyyətlə, özümdən qabaqdakı xarici jurnalistlər qarşı tərəfdə olanlar idi.
Bir dəfə hərbi maşında əsgərlərin içərisində dağa qalxıram. Yolda maşına arxadan su, siqaret atırdılar, əsgərlər atılanları götürüb, sonra da deyirdilər, uduzsaq, bu bizim başımıza daş olub yağacaq. Bunu sonra bir neçə zabitdən də eşitdim. Hər kəs, hər şeyin fərqində idi…
Bütün şəhidlərimizə rəhmət, sağ qalanlara, birinci Qarabağ müharibəsində məğlubiyyət yaşayıb, ikinci müharibədə qələbəni görənlərə sağ can diləyirəm.