İdman mediamız rus demişkən, “вокруг да около” gəzişir, ancaq məğlubiyyət və sönük oyuna görə kimin məsuliyyət daşıdığını yazmır. Anlaşılandır, biri komandanın sponsorundan, digəri birbaşa baş məşqçidən reklam alır. Dolanmaq lazımdır, başqa əlacı yoxdur. Bir nüfuzlu media orqanı hətta baş məşqçinin şəklini qoyub “Ona inanırıq” yazıb. Halbuki sadəcə media orqanıdır, işi məlumat çatdırmaqdan ibarətdir, içiboş ura-patriotluq deyil.
İki ildir “Turan” Tovuzu ciddi izləyir və bəyənirəm. Söhbət komandanın oyunundan, yaxud baş məşqçi Qurban Berdıyevdən getmir. Rayon yerində klub quruculuğundan gedir. Fikir vermisinizsə, “Turan” çempionata uğurlu start verən kimi bəzi media qurumları başladılar komanda daxilində problem axtarışına. Ciddi monitorinqin aparıram bu işin. Demək olar hər gün oxuyuram: Berdıyev oyunçuları alçaltdı; Berdıyev od püskürdü; Berdıyev dedi bu nə meydançadır?; Filan oyunçu “Turan”dan gedir; Berdıyev rəhbərlik qarşısında şərt qoydu: onu necə gətirmisiniz, elə də qaytarın və s. Aydın görünür ki, məqsəd komanda daxilindəki auranı pozmaqdır. Belə kampaniyalar boş-bekarçılıqdan edilmir, sifarişlə edilir. “Qarabağ”ın ötənilki qapıçısının agenti komanda daxilində olanları açdı tökdü, nələr dedi nələr, amma üstü dərhal örtüldü. Altdan bir daş, üstdən ikinci. Niyə bu barədə yazılmır? Cavab yuxarıdakı abzasdadır...
Bolqarıstanın “Ludoqorets”ini udub mərhələ keçən Qurban Qurbanov “Everest”ə qaldırılır, “Malmö”ya uduzan kimi oradan yerlərə endirilir. Sabah, birigün, o biri gün eyni proses dəfələrlə yenidən təkrarlanacaq. Bir nəfər bu gün yazıb ki, bu oyunla “Qarabağ” qrupda üçüncü yeri ancaq tutar. Adam bilmir ki, bu ildən format dəyişib, elə bircə qrup var, orada da səhv etmirəmsə, 36 komanda. Yəni o 36-nın içində üçüncü olmaq əslində, Avropa liqasını udmaq kimi bir uğur olar.
Digər bir statusda oxuyuruq ki, hamı uduzursa, “Qarabağ” niyə uduzmasın? Uduzmağa da haqq qazandırırıqsa, onda niyə oynayırıq?
Azərbaycan futbolunun problemləri çoxdur, çünki bizim xalq olaraq problemlərimiz az deyil. Ancaq “Qarabağ”ın məğlubiyyətlərinin kökünün yalnız AFFA-nın səriştəsiz idarəçilərində, uşaq futbolunun bərbad vəziyyətində axtarmağı heç vaxt qəbul etməmişəm, indi isə bu mövzu lap köhnəlib və şitini çıxarıb. Deyim niyə. Baxın, əgər “Qarabağ”ın “Malmö”ya uduzması AFFA-nın günahıdırsa, “ötən il “Bayer”lə dirəşməsi kimin xidmətidir? Deyəcəksiniz ki, Azərbaycan futbolunun memarı Qurban Qurbanovun. Ancaq belə olmur axı. Əgər uduzmaq kompleks səbəblərin nəticəsidirsə, udmaq da eyni olmalıdır məncə.
Həmişə demişəm, yenə təkrarlayıram, AFFA-nın yarıtmaz olması “Qarabağ”ın özünü ən komfortda hiss etdiyi konfiqurasiyadır. Dalbadal çempion olur, rəqibi yoxdur, şöhrətpərəstlik fontan vurur, çempionat oyunlarına 40 azarkeş getdiyi halda beynəlxalq matçlarda stadion “Qarabağ” “azarkeşləri” ilə dolub-daşır. Oyunlara gələn elə adamlar var, bəlkə də bilmirlər hər komandada neçə oyunçu olur. Biz buyuq.
Ölkədə uşaq futbolu yoxdur deyirik. Ancaq millinin, elə həm də çempionatın az qala 60 faizi “Qəbələ” futbol məktəbinin yetirmələrindən ibarətdir. Qəbələdə buna necə nail olunub? “Qarabağ”ın səhv etmirəmsə 3 futbolçusu, onlardan ikisi əsas heyətin oyunçularıdır, – Lənkəran məktəbinin yetirmələridir. O Lənkəranınkı neçə ildir böyük futbolsuzdur. “Neftçi”nin, “Sabah”ın “Turan”ın məktəbi var, ancaq son illərin şəksiz dominantı “Qarabağ”ın məktəbinin sonuncu dəfə Azərbaycan futboluna hansı istedadı bəxş etdiyini unutmuşuq.
Komandanın uğursuz oyununun səbəblərini kənarda axtarmağın əleyhinəyəm. Problem arxayınlıqdadır. Çempionatda birincilik onsuz da var. Rəhbərlik hər şeyi həvalə edib baş məşqçiyə, o da özünün mexanizmini qurub. Hətta ən qatı tənqiçilər, o cümlədən mən də düşünürəm ki, Qurban “Qarabağ”dan getsə, komanda dərhal dağılacaq və nə vaxt ayağa qalxacaq, məlum deyil. Ona görə yox ki, dünyada başqa məşqçi yoxdur. Çünki hər şey onun ətrafında qurulub, dominonun bir daşının yıxılması yetərlidir. Rəhbərlikdə də o fəhm yoxdur ki, dursun indidən sonra nə isə etsin.
İkinci səbəb hamı kimi baş məşqçinin də yorulması və tükənməsindədir. Bu artıq başqa mövzudur ki, şəxsi eqosu bunu etiraf etməyə qoymur. Ancaq Mourinyo yorulursa, bizimki niyə yorulmasın? Mou kubokları sıralayanda “Qalatasaray”ın baş məşqçisi hələ futbol oynayırdı. Ancaq indi nüfuzlu portuqaliyalı Okanın əlində qalıb.
Və sonuncu. Sayıqlığın itirilməsi. Yadınızdadırsa, ötən oyunlardan birində Qurbanov oyuna qiyməti 1800 manat olan köynəkdə gəlmişdi. Bu mövzu çox müzakirə olundu və belə bir rəy üstün gəldi: yaxşı edir, qazanır, halal haqqıdır. Bəli, bu şübhəsiz ki, belədir. Ancaq 3-5 manatlıq sektorların dolu, 10 manatlıq sektorların boş olduğu oyuna 1800 manatlıq köynəklə? “Malmö” ilə oyunun biletlərində qiymət artımı var idi deyə, stadion tam dolmadı. Azarkeşlər üçün 1 manatın da əhəmiyyətinin olduğu halda, 3 manata azarkeşlik edilən oyunda 1800 manatlıq köynəkdə uduzub özünə haqq qazandırmağın adı nədir? Bəli, sayıqlığın itirilməsi. Bunun futbola nə dəxli var deyəcəksiniz? Futbola çox şeyin dəxli var...