«Qaz silah deyil, əmtəədir. Biz Almaniyaya qarşı qəbul etdiyimiz öhdəliklərə sadiq qalacağıq», - «Qazprom»un vitse-prezidenti Aleksandr Medvedyev Almaniyanın «Handelsblatt» qəzetinə müsahibəsində deyib.
Rusiya Avropanın işlətdiyi təbii qazın 30 faizini təmin edir və bu məbləğin yarıdan çoxu hələ də Ukrayna vasitəsilə ötürülür.
Ötən həftə Rusiyanın dövlət tərəfindən idarə olunan «Qazprom»u Ukrayna üçün qiyməti 1000 kubmetrə 268,50 dollardan 485,50 dollara – 81 faiz qaldırıb. Kiyev bildirib ki, bu addım siyasi motivlidir. Moskva isə qiymət dəyişikliyini Kiyevin qaz borclarını ödəməməsi ilə əsaslandırıb.
«Ukrayna heç bir ödəniş etməyib», - aprelin 7-də «Qazprom»un sözçüsü «Reuters»ə bildirib, lakin başqa gecikmə halları da baş verərsə, hansı nəticələr ola biləcəyini deməkdən imtina edib.