Bezos, əsas mediada güclü yeri olan və ümumiyyətlə sol-liberal xətti ilə Demokrat namizədləri dəstəkləyən WP qəzetinin 36 ildən sonra ilk dəfə “heç bir namizədi dəstəkləməmək” qərarı ilə bağlı açıqlama verib.
Bezos reaksiyalardan sonra verdiyi açıqlamada “qəzetin prezidentliyə namizədi dəstəkləməsinin seçkilərə kritik təsir göstərmədiyini” müdafiə etdi.
Qərarsız seçicinin qəzetə əsaslanaraq seçimini etməyəcəyini ifadə edən Bezos, “Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır. Doğru olan buna son qoymaqdır”, – deyib.
***
Bildirilib ki, Demokrat Kamala Harris və Respublikaçı Donald Trampın mübarizə apardığı ABŞ prezident seçkilərində WP-nin heç bir namizədi dəstəkləməmək qərarından sonra redaksiya heyətindən 3 nəfər istefa verib.
ABŞ Milli İctimai Radiosunun (NPR) hesabatında qərardan sonra təxminən 200 min rəqəmsal abunəliyin ləğv edildiyi iddia edilib.
***
Amerika mediasında prezident seçkiləri öncəsi media qurumlarının özlərini yaxın hiss etdikləri prezidentliyə namizədə dəstək elan etmələri ənənəvi “münasibət bəyanatı” kimi qiymətləndirilir.
Bu yanaşmanın “müstəqil media” diskursu ilə üst-üstə düşmədiyi müzakirələrin hələ də davam etdiyi ABŞ-da məlumdur ki, əsas sol-liberal media əsasən Demokrat namizədləri, sağçı mühafizəkar media isə Respublikaçı namizədləri dəstəkləyir.
Bəzi ekspertlər qeyd edirlər ki, ABŞ-da dərinləşən siyasi parçalanma və medianın üzləşdiyi iqtisadi çətinliklər səbəbindən milli qəzetlər hər hansı prezidentliyə namizədi dəstəkləməklə öz abunəçilərinin bir hissəsini itirmək riskindən qaçmaq istəyirlər.
Qeyd edəki ki, “Washington Post” qəzetinin sahibi olan Ceff Bezos həmçinin “Amazon” İnternet-mağazasının və “Blue Origin” aerokosmik şirkətinin yaradıcısıdır. “Forbes” jurnalının 2010-cu il üçün nəşr etdiyi məlumatlara görə, Bezos 13,7 milyard ABŞ dolları ilə dünyanın 100 ən varlı şəxslərinin siyahısında 43-cü yeri tutmuşdu.