Avropa Xalq Partiyasının (EPP) fransalı üzvü Arno Danjan (Arnaud Danjean) tövsiyə xarakterli məruzə yazıb. Avroparlamentarilər aprelin 3-də məruzəni qəbul ediblər. O, Aİ-nin vahid xarici siyasətinin olmasının mənfi və müsbət tərəfləri barədə sualları cavablandırıb.
- Üzv dövlətlərin müxtəlif maraqları olduğu halda, vahid və ardıcıl xarici siyasətin təşkili necə mümkündür?
- İndiki dövrün problemləri daha qlobal və mürəkkəbdir. Üzv dövlətlər nadir hallarda diplomatik, maliyyə və hərbi məsələləri təkbaşına həll etməli olurlar. Buna görə də Aİ səviyyəsində ümumi, səmərəli addım atılmalıdır. Lakin Aİ-nin özü belə həmişə və hər yerdə ola bilməz. Dəqiqliklə müəyyənləşdirilmiş prioritetlərə əsasən, Avropa Xarici Siyasət Xidmətinin yenidən xarakterizə edilməsi vacibdir. Həmçinin konsensusun əldə edilməsi üçün bizə daha güclü siyasi rəhbərlik lazımdır.
- Qətnamənizdə bildirirsiniz ki, institusional zəiflik Aİ-nin xarici siyasətinin tərkib hissəsi kimi ardıcıl tədbirlər həyata keçirməsinə əngəl törədib. Bunu necə həll edə bilərik?
- Aİ hər dəfə təhlükəsizlik və müdafiə siyasətinin tərkib hissəsi kimi birgə missiyaya başlayır. Əlaqələndirmə, planlaşdırma, maddi-texniki dəstək və direktivlərin ardıcıllığı ilə bağlı eyni problem və çətinliklərlə üzləşirik.
Qlobal prosesdə qaçılmaz olan bir sıra təşkilatların cəlb edilməsi zamanı koordinasiya mütləqdir. İdeal halda bu, daha az formal şəkildə, təbii refleks kimi baş verməlidir, lakin realist olmalıyıq. Hər bir qurum öz müstəqilliyini qorumağa çalışır. Ona görə də koordinasiya, aydın rəhbərlik yaratmalı və rolları daha yaxşı müəyyən etməliyik. Fikrimcə, Avropa Komissiyasının vitse-prezidenti, ali nümayəndə vəziyyəti ələ almalıdır.
- Sizcə, vasitəçilik və dialoq Ukrayna böhranı kimi məsələlərin qarşısının alınmasında və sülh yolu ilə həll edilməsində effektiv rol oynaya bilər?
- Sözün düzü, Avropanın Ukrayna böhranı kimi hallarda atdığı diplomatik addımları inandırıcı hesab etmirəm. Assosiasiya Müqaviləsi ilə əlaqəli problemlər lazımınca qiymətləndirilməyib və sadəcə önəmli siyasi təsiri olmayan vasitəçilik cəhdlərinin edildiyi bir dövr olub. Yalnız həmin vaxt xarici işlər nazirləri Aİ-nin təşəbbüslərinin daha effektiv və məqsədyönlü olmasına çalışırdılar. Bu, üzv dövlətlərin xarici siyasətdə hakimliyinin davam etdiyini, hətta ali nümayəndə və Avropa Xarici Siyasət Xidməti səylərinin faydalı olduğunu göstərir. Lakin onlar yalnız üzv dövlətlərin rəhbərlik etdiyi qərarları və vasitəçiliyi dəstəkləyirlər. Həmçinin başa düşməliyik ki, təhdid və sanksiyalara gəldikdə, Aİ etibarlı sayılarsa, yalnız vasitəçilik və qarşısının alınması fayda verə bilər.