Fevralın 3-də qəsəbə sakinləri rus qoşunlarının nümayəndələri ilə görüşür və məntəqədə silahlıların olmadığını söyləyərək atəşin dayandırılmasını xahiş edirlər. Ertəsi gün atəş dayandırılır. Həmin gün qəsəbəyə Rusiya ordusunun əsgərləri daxil olur və əhalinin pasportunu yoxlayır. Onlar eyni zamanda xəbərdarlıq edirlər ki, sabahkı yoxlama daha dəhşətli olacaq – yırtıcılar gələcək.
Ertəsi gün qəsəbəyə OMON qüvvələri daxil olur. Qəsəbənin cənub hissəsində “təmizləmə” aparan omonçular əhalini yalnız qarət etməklə kifayətlənirlər. Şimal hissəsini təmizləyənlər isə yaşına, cinsinə baxmadan insanları öldürürlər, qadınları zorlayırlar.
5 fevral 2000-ci ildə Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayəti OMON-u Novıye Aldı kəndində onlarla dinc sakini qətlə yetirir.
“Memorial” təşkilatının məlumatına görə, Novıye Aldıda 56 nəfər öldürülüb. Onların 6-ı qadın (biri 9 aylıq hamilə), 11 nəfər 60 yaşdan yuxarı kişilər, 2 nəfər rus olub. Öldürülən uşaqlar arasında ən kiçiyinin 1 yaşı var idi.
Novıye Aldı cinayətinə görə heç kəs məsuliyyətə cəlb olunmadı.